Yaxın Şərqin yenidən dizayn edildiyi zaman kəsiyindən keçirik - Hüsamettin İnaç

İran müharibəsindən çıxarılan dərslərlə birlikdə körfəz ölkələri artıq bundan sonra ABŞ-nin təhlükəsizlik memarlığını qəbul etmir və ona güvənmirlər

Antalyada keçirilən Diplomatiya Forumu bu il sadəcə diplomatik görüşlər məkanı olmaqdan çıxdı. O, qlobal güc balanslarının yenidən müzakirə edildiyi strateji platformaya çevrildi.

Regionda artan gərginliklər xüsusilə Yaxın Şərqdə baş verən hadisələrlə daha da dərinləşdi. Bu fonda forumda aparılan müzakirələr gələcək geosiyasi istiqamətlərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət qazandı.

Beynəlxalq siyasət üzrə ekspert Dr.Hüsamettin İnaç Sherg.az-a Antalya Diplomatiya Formunun nəticələrindən danışıb:

"Antalya Diplomatiya Forumu bu il geosiyasi baxımdan qırılmalara səbəb ola biləcək toplantılara ev sahibliyi etdi. Ən vacib və ən açıq inkişaf Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və Pakistan xarici işlər nazirlərinin bir araya gəldiyi toplantı oldu.

Çünki Amerika, İsrail və İran arasındakı münaqişə nəticəsində Yaxın Şərqin yenidən dizaynı çox ciddi problematik məsələdir. Burada ya İsrailin regional hegemon güc olduğu və Amerikanın əsas parametrlərinin müəyyən etdiyi Yaxın Şərq dizayn ediləcəkdi, ya da region ölkələri öz aralarında ciddi bir həmrəylik göstərərək Amerika və İsraili bölgədə söz sahibi olmaqdan uzaqlaşdıracaqdılar. Məhz bu istiqamətdə əvvəlcə Səudiyyə Ərəbistanı və Pakistan arasında qurulan ittifaqın Misir və Türkiyənin də qatılması ilə yeni mərhələyə doğru inkişaf edir.

Xüsusilə bura xaricdən İtaliya və İspaniyanın dəstək verməsi Aralıq dənizində Yaxın Şərqi birləşdirmək baxımından çox mühüm bir ittifaq sisteminin formalaşmasına səbəb olur. Əgər bu ittifaq daha da formalaşar, konkretləşər və dərinləşərsə, Yaxın Şərq “məhkum tarixindən” çıxaraq fərqli bir mərhələyə doğru gedəcək".

Analitik NATO-nun təsirinin qalmadığı dövrə daxil olduğumuzu vurğulayıb:

"7-8 iyul tarixlərində Türkiyədə keçiriləcək NATO zirvəsi bəlkə də bir mənada NATO-ya vida toplantısı olacaq. Bu mənada regional ittifaqların qurulması, ikili və üçlü anlaşma platformalarının yaranması da gündəmə gələcək. Qeyd etdiyim bu zirvə həmin anlaşmaların başlanğıc nöqtəsi kimi olduqca vacibdir.

Yaxın Şərqin yenidən dizayn edildiyi zaman kəsiyindən keçirik. İran müharibəsindən çıxarılan dərslərlə birlikdə körfəz ölkələri artıq bundan sonra Amerika Birləşmiş Ştatlarının təhlükəsizlik memarlığını qəbul etmir və ona güvənmirlər. 

Bu da Türkiyənin bölgədəki rolunun daha da artmasını, Amerikanın yaratdığı boşluğu doldurmasını özü ilə gətirəcək. Bu isə tarixi baxımdan son dərəcə həyəcanverici və oyun dəyişdirici inkişaf kimi tarixə keçəcək".

Politoloq bildirib ki, Türkiyə son dövrlərdə Qafqazda, Yaxın Şərqdə və Balkanlarda əldə etdiyi üstünlüyü eyni zamanda Yaxın Şərqdə də əks etdirəcək:

"Bu, təhlükəsizlik memarlığı baxımından və xüsusilə qarşıdakı 10 il ərzində formalaşacağı düşünülən yeni dünya nizamı baxımından çox mühüm mərhələdir. Proses Türkiyəni regional anlamda ya qlobal güc, ya da orta ölçülü bir ölkənin qlobal gücə çevrilməsi yolunda atdığı çox mühüm addım kimi qiymətləndirilməlidir".