Yevlaxda alınmasa, Sığnaqda, Daşaltıda ola bilər... - Qarabağ erməniləri ilə  görüş!

Yevlaxda rəsmi Bakı nümayəndələri ilə Azərbaycanın Qarabağ bölgəsində sıx məskunlaşan erməni etnik azlığı arasında görüşün təşkili üzərində iş aparılır.
Bu görüş təklifi heç bir üçüncü ölkədən gəlmir, xarici dövlətlərin nümayəndələrinin iştirakı olmadan keçiriləcək.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edib. Lakin qarşı tərəf bu təkliflərdən imtina etmişdi.
Gözlənilən görüşü "Sherg.az"a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, 1990-ci illərdə bizdə bundan yararlanmışıq:
"Əslində buna xalq diplomatiyası deyilir. Qarabağda yaşayan kasıb və əslən alban köklü  ermənilər bizə çox hörmətlə yanaşıblar. Bilirlər ki, biz onların hüquqlarını qoruyacağıq. Ona görə bu görüşün baş tutma ehtimalı yüksəkdir. Qarabağda buna ermənilərdən çox Rusiya sülhməramlıları mane olmağa çalışacaq. Amma bütün variantlardan biz istifadə etməliyik. 
Əgər burada alınmasa, Azərbaycan Xocalının Sığnaq, Şuşanın Daşaltı, Xocavəndin Hadrut kəndini seçə bilər. Ora ermənilər çox rahat gələr. Görüş məntəqəsini dəyişmək olar. İnternet kanalları ora daha çox qarşıdurma yaratmağa gedirlər. Ona görə də millətçiləri deyil, daha çox tolerantları  təbliğ etməyə çağırmalıyıq. Ermənilərlə normal münasibət qurmaq istəyiriksə, bunu təbliğ etməliyik".
Şahanə Tağızadə