Yunanıstan Türkiyənin F-35 proqramına qayıdışına qarşı plan hazırlayır

NATO Zirvəsindən sonra Yunanıstan mətbuatı Afinanın Türkiyənin F-35 proqramına yenidən qoşulmasının qarşısını almaq üçün diplomatik fəaliyyətini gücləndirdiyini yazıb.

Sherg.az xəbər verir ki, “Vradini” nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında münasibətlərdə müşahidə olunan müsbət dinamika Afinada diqqətlə izlənilir. Nəşr Türkiyənin F-35 proqramına qayıdışının Yunanıstan üçün əsas təhlükəsizlik məsələlərindən biri hesab edildiyini qeyd edib.

Məlumatda iddia olunur ki, Afina bu məqsədlə ABŞ-də müxtəlif siyasi dairələr və təsir qrupları ilə əlaqələrini aktivləşdirib. Həmçinin Yunanıstan və İsrail arasında aparılan təmaslarda Türkiyəyə F-35 təyyarələrinin verilməsinə dair narahatlıqların müzakirə edildiyi bildirilir.

Bununla yanaşı, Yunanıstan mətbuatı Türkiyənin regional gücünü də etiraf edib. Qeyd olunub ki, Türkiyə strateji coğrafi mövqeyi, güclü ordusu və regional proseslərdə oynadığı rol səbəbindən Qərb üçün mühüm tərəfdaş olaraq qalır.

Nəşrin qiymətləndirməsinə görə, Afina bundan sonrakı dövrdə müdafiə xərclərini artırmağa, silahlanma proqramlarını sürətləndirməyə və beynəlxalq diplomatik fəaliyyətini genişləndirməyə çalışacaq. Türkiyənin artan geosiyasi təsirinin isə artıq nəzərdən qaçırıla bilməyəcəyi vurğulanıb.