Müsadirə olunmuş əmlak Qarabağın bərpasına yönəldiləcək
Ramiz Mehdiyev işi bir müddət ictimai-siyasi gündəmdən kənarda qalsa da, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən yayımlanan yeni materiallar məsələni yenidən diqqət mərkəzinə gətirib. DTX-nın yayımladığı səs yazıları və R. Mehdiyevin yaşadığı ünvanda aşkar edilən pullar istintaqın gedişində mühüm faktlar kimi ortaya çıxıb. Səs yazısında R.Mehdiyevin, xarici xüsusi xidmət orqanı ilə əlaqəli şəxslə telefon danışığı apardığı bildirilir. Danışıq zamanı Azərbaycanda dövlət idarəetmə sisteminin yenidən qurulmasını nəzərdə tutan sənədin, qarşı tərəfə ötürüldüyü iddia edilir. Bununla yanaşı, DTX R.Mehdiyevin evindən, külli miqdarda nağd vəsaitin görüntülərini paylaşıb. Məlumatda, R.Mehdiyevin, 17 milyon manatdan çox vəsaiti qanunsuz yolla əldə edərək, leqallaşdırıldığı qeyd olunub. Onu da xatırladaq ki, R.Mehdiyev, dövlətə xəyanət, cinayət yoluyla əldə edilmiş xeyli əmlakı leqallaşdırmaq və hakimiyyəti zorla ələ keçirmə maddələri ilə ittiham olunur.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Zahid Oruc Sherg.az-a açıqlamasında bildirib ki, DTX-nın cəmiyyətə təqdim etdiyi videokadrlar, xarici qüvvələrin himayəsi altında, ölkəmizə qarşı həyata keçirilən xəyanət planlarının növbəti ifşasıdır:
“Uzun illər yüksək dövlət vəzifəsi daşımış Ramiz Mehdiyev gizli siyasi casus kimi fəaliyyət göstərib. O, tutduğu vəzifənin verdiyi qoruyucu mexanizmlər arxasında gizlənərək, dövlətə xəyanət yolunu seçib. Belə kirli planların üzə çıxarılmasını qazandığımız qələbəyə borcluyuq. Ölkəmizə qənim kəsilən bəzi qüvvələr bu siyasəti uzun illər həyata keçirməyə cəhd göstəriblər. 1990-cı illərdə Surət Hüseynov və Rövşən Cavadovun rəhbərliyi altında Azərbaycanda qanunsuz hakimiyyət dəyişikliyi planlaşdırılırdı. Bunun məntiqi davamı olaraq, özlərini “qərbpərəst” hesab edən Xalq Cəbhəsi və onun ətrafında formalaşan Milli Şura, planlarını reallaşdırmaq üçün əlverişli məqamlar axtarırdılar. Bu qüvvələr Prezident İlham Əliyevin hakimiyyətinin ikinci ilində, xaricdən gələn maliyyə dəstəyi ilə aksiyalar təşkil edir, mediaya qarşı hibrid hücumlar həyata keçirirdi. Bütün bunlar bir neçə müstəvidə planlı şəkildə aparılan fəaliyyətin tərkib hissəsi olub”.
Z.Oruc, Milli Şuranın xarici kəşfiyyat strukturları ilə mümkün bağlantılarına diqqət çəkib:
“Bu struktur uzun illər xaricdən yönləndirilən siyasi layihə kimi fəaliyyət göstərib. Əli Kərimlinin təmsilçilərinin Milli Şura üzərindən Rusiya ilə əlaqələri heç vaxt sirr olmayıb. Onların maliyyə axınının haradan və hansı mexanizmlərlə təmin edildiyi ciddi şəkildə araşdırılmalı idi. Əli Nağıyevin rəhbərliyi altında dövlətə sədaqəti ilə seçilən xüsusi təyinatlıların və cəbhədə döyüşən qəhrəmanların birgə səyi ilə bütün məkrli planlar ifşa edildi. Məhz buna görə, xarici qüvvələr, Azərbaycanın təhlükəsizlik zirehini gözdən salmaq məqsədilə informasiya terroruna əl atırlar. Xalqımızın məkrli planları dəstəkləməməsi, onların bütün cəhdlərini nəticəsiz qoyur. Artıq ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası kimi mühüm sənədə imza atan qalib Azərbaycana qarşı, təzyiq göstərmək mümkün deyil”.
Deputat, Mehdiyevin müsadirə olunmuş əmlakının hansı istiqamətlərə yönəldiləcəyinə aydınlıq gətirib:
“Qanunvericiliyin tələblərinə əsasən, müsadirə edilmiş əmlak və vəsaitlər dövlət büdcəsinə köçürülür. Onların istifadəsi ölkə rəhbərinin müvafiq sərəncamları ilə müəyyən olunur. Böyük ehtimalla, bu vəsaitlər Qarabağın dirçəlişinə və ya məcburi köçkünlərin sosial təminatının gücləndirilməsinə yönəldiləcək. Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı araşdırmalar çərçivəsində, arxa planda xalqdan mənimsənilən digər vəsaitlərin də üzə çıxarılması gözləniləndir”.
Aybəniz Səfərova