Zaman sözün əsl mənasında Ukrayna və Zelenski əleyhinə işləyir - Aydın Sezer

"Rusiya-Ukrayna müharibəsinin bu il bitməsi texniki olaraq mümkün, siyasi inkişaflara baxsaq isə mümkün görünmür"

İran ətrafında davam edən hərbi-siyasi gərginlik qlobal gündəmi ciddi şəkildə dəyişdirərək beynəlxalq diqqətin istiqamətini başqa səmtə yönəldib. Görünən odur ki, 4 ildir davam edən Rusiya-Ukrayna müharibəsinin aktuallığının yerini ABŞ-İsrail-İran müharibəsi tutmağa başlayıb.

Qərbin diqqətinin Yaxın Şərq və Körfəz regionuna yönəlməsi, həm siyasi, həm də hərbi resursların bölgələr arasında yenidən bölüşdürülməsi geosiyasi balansda ciddi dəyişikliklərə səbəb olub. Bu isə Ukraynanın mövqeyinə, Rusiyanın strateji imkanlarına, Avropanın iqtisadi dayanıqlığına və Donald Tramp faktorunun beynəlxalq münasibətlər sistemindəki roluna birbaşa təsir göstərib.

Xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a bildirib ki, İran müharibəsi başladıqdan sonra Volodimir Zelenski və Ukraynanın beynəlxalq plandakı görünürlüğü ikinci plana düşüb:

"Qərb, Yaxın Şərq, hətta Avropa tam şəkildə İrana və Körfəz bölgəsindəki inkişaflara fokuslandı. Bu da təbii olaraq dünyanın Ukraynaya olan marağını azaltdı. Silah-sursat tədarükü baxımından da bütün göndərişlər Körfəzə və İrana yönəldiyi üçün Ukraynaya bu sahədə də tədarük azaldı. Bu da Zelenski baxımından son dərəcə arzuolunmaz, riskli vəziyyət yaratdı.

Bu inkişaflardan Vladimir Putin çox məmnundur. Çünki Ukraynaya gəlməli olan bütün silah tədarükləri də Körfəzə və İrana gedir. Böhran davam etdiyi üçün enerji qiymətləri artır, Rusiyanın neft gəlirləri yüksəlir. Digər mənada Zelenskinin siması belə Qərb mərkəzlərində unudulmağa başlayır.

Dolayısı ilə mövcud inkişaflar yalnız Rusiyanın Ukrayna siyasəti baxımından dəyərləndirildikdə, Moskva üçün mühüm qazanc kimi görünür".

Analitik Rusiya-Ukrayna müharibəsinin nə vaxt bitəcəyinə də diqqət çəkib:

"Rusiya-Ukrayna müharibəsinin bu il bitməsi texniki olaraq mümkün, siyasi inkişaflara baxsaq isə mümkün görünmür. Donald Tramp hakimiyyətdə olduğu müddətdə və onun xüsusi nümayəndəsi Vitkoffun Ukrayna üzərində təzyiqləri gündəmdə qaldıqca, oradakı siyasi danışıqlar da Rusiya və Putin lehinə inkişaf edəcək. 

Zaman sözün əsl mənasında Ukrayna və Zelenski əleyhinə işləyir.

Zelenskinin ötən həftə Türkiyəyə etdiyi səfər və Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ilə Suriyaya, Şama getməsi də onun dünya səhnəsində görünür olmaq istəyini ortaya qoyur. Bundan əvvəl də o, Körfəz ölkələrini dolaşmışdı. Zelenskinin işi kifayət qədər çətindir".

Ekspert qeyd edib ki, İran müharibəsinin xüsusilə enerji qiymətlərinə və dünya ticarətinə mənfi təsir göstərməsi Avropa üçün çox ciddi maliyyə problemi yaradır: 

"Ukrayna müharibəsi onsuz da Avropa üçün ciddi iqtisadi problem yaradırdı. İndi buna bir də Körfəz və İran əlavə olunanda Avropa baxımından vəziyyət həqiqətən çox çətinləşdi. Məhz bu nöqtədə Tramp-Avropa münasibətləri və Trampın NATO ilə əlaqələri daha da əhəmiyyət kəsb etməyə başlayıb".