- “Qarabağ Zəfəri psixoloji həddi dağıtdı, Türk milləti gücünü xatırlatdı”
- "Azərbaycan Avrasiyanın yeni güc mərkəzinə çevrilir, türk-İslam sivilizasiyasının ən böyük təminatı olacaq”
Qlobal geosiyasətdə daşların yerindən oynadığı bir dövrdən keçirik. Bu prosesdə xüsusilə Qafqaz və Avrasiya xəttində tarazlıqlar yenidən qurulur. Azərbaycanın da son illərdə Türk və İslam dünyasında strateji əhəmiyyəti artır. Qurulan yeni nizamda rəsmi Bakı dünya dövlətləri arasındakı mövqeyi ilə seçilir.
Tarixi prosesləri və regional siyasətləri yaxından araşdıran tarixçi, yazıçı və Türk Dünyası Strateji Araşdırmalar Mərkəzinin (TARSAM) sədri Naci Yengin Sherg.az-ın suallarını cavablayıb:
-Azərbaycanın son illərdə Türk dünyasındakı mövqeyini necə qiymətləndirirsiniz?
-Türk dünyasının yüksələn ulduzu Azərbaycanın bugünkü mövqeyini yalnız cari siyasi hadisələrlə deyil, tarixi davamlılıq çərçivəsində oxumaq məcburiyyətindəyik.
Bir tarixçi olaraq ifadə etməliyəm ki, Azərbaycan artıq Türk dünyasının yalnız Qafqazlara, Türküstana açılan qapısı deyil, eyni zamanda Türk dünyasının strateji mərkəzidir. 15 iyun 2021-ci ildə qəbul edilən Şuşa Bəyannaməsi və 7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının toplantısından sonra aparılan işlər bunun konkret və tarixi dönüş nöqtələrindən biridir.
Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib. Müdafiə, təhlükəsizlik və strateji inteqrasiya məsələlərində bütün türk dövlətlərinə nümunə olacaq bir model ortaya qoyub. Türkiyə və Azərbaycan əzəldən əbədiyyətə qədər olan tale birliyini Şuşa Bəyannaməsi ilə bir daha dünyaya elan etdi.
Şuşa Bəyannaməsi ilə Türküstan coğrafiyalarından Qafqazlar və Anadoluya uzanan coğrafiyada Azərbaycanın hərbi və diplomatik özünəinamı ciddi bir toparlanma və birlik ruhu yaradıb.
-Qarabağ Zəfərinin bu inteqrasiya prosesindəki yerini tam olaraq necə mövqeləndirirsiniz?
-Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək məqsədilə başlatdığı və 44 gün davam edən Qarabağ Zəfəri sıradan bir hərbi uğur deyil.
Qarabağ Zəfəri Avrasiya geosiyasətində bir qırılma anıdır. Türk dünyası üzərində böyük əhəmiyyəti vardır.
TARSAM çərçivəsində apardığımız araşdırmalarda və regional təhlükəsizlik təhlillərində hər zaman bu məqama diqqət çəkirik: Qarabağ Zəfəri Türk dünyasındakı “psixoloji həddin” aşılmasını təmin etdi. Qarabağ Zəfəri ilə başda Azərbaycan olmaqla Türk dünyasının üzərindəki qara buludlar dağılmağa başladı. Türk dünyası özünü, gücünü xatırlayıb və yenidən var olmağın, ayağa qalxmağın zamanının gəldiyini anladı.
İllərdir davam edən Sovet təsirindəki köhnə status-kvonun sındırıla biləcəyi görüldü. Türk ordularının birgə hərəkət qabiliyyəti və müdafiə sənayesindəki texnoloji əməkdaşlığın nə qədər həlledici olduğu sübut edildi.
Qarabağ Zəfərinin yekun qələbə ola bilməsi üçün Zəngəzur dəhlizinin də həyata keçirilməsi lazımdır.
Zəngəzur dəhlizinin həyata keçməsi ilə birlikdə bu zəfər yalnız hərbi deyil, həm də logistika və iqtisadi inteqrasiyanın ən güclü halqası olacaqdır. Türk (Zəngəzur) Dəhlizi Türk dünyasını yalnız ticari və iqtisadi baxımdan deyil, könül və mədəniyyət yolu ilə də bir-birinə bağlayacaq, bir-birinə həsrət qalan qardaşlar yenidən qovuşacaq və Turan Birliyi gerçəkləşəcək.
-Məsələyə İslam dünyası oxu üzərindən yanaşsaq, Azərbaycanın bu coğrafiyadakı təsirini necə şərh edərsiniz?
-İslam dünyası uzun illərdir təəssüf ki, böhranlar, daxili qarşıdurmalar və xarici müdaxilələrlə xatırlanır. ABŞ və Qərbin planlaşdırdığı ssenarilər, maliyyələşdirilən radikal terror təşkilatlarının həyata keçirdiyi fəaliyyətlər İslam dünyasının adına yazılıb. İslam dünyasına qarşı İslamofobiya yaradılıb, İslam pis göstərilib.
Daha çox ərəb və Afrika mərkəzli İslam dünyasının içində olduğu bu mənzərə çərçivəsində Türkiyə və Azərbaycan kimi bəzi dövlətlər öz ərazi bütövlüyünü beynəlxalq hüquqa əsaslanan haqlı mübarizə ilə təmin edən ölkələr kimi önə çıxırlar.
Xüsusilə Qarabağda erməni işğalı altında qalan bölgələrdə dağıdılmış məscidlərin, məhv edilmiş İslami mədəni irsin yenidən qurulması, sivilizasiyamızın həmin torpaqlardakı mülkiyyət sənədinin yenidən təsdiqlənməsi istiqamətində Azərbaycanın fəaliyyəti İslam dünyasının təqdirini qazanıb.
Azərbaycan həm fəal diplomatiyası, həm də müxtəlif inanc və mədəniyyətləri bir arada yaşatmaq qabiliyyəti ilə İslam dünyasına “inkişaf edən və müstəqil qərarlar qəbul edə bilən” güclü dövlət modeli təqdim edir.
-Gələcəyə dair strateji baxışınızı və proqnozlarınızı da eşitmək istərdik.
-Beynəlxalq münasibətlər kontekstində artıq müdafiə paktlarının və iqtisadi dəhlizlərin müəyyənedici olduğu bir dövrdə yaşayırıq.
Türkiyə və Azərbaycanın başçılıq etdiyi bu müttəfiqlik ruhunun digər Türk respublikalarını da əhatə edəcək şəkildə daha genişmiqyaslı regional tərəfdaşlığa çevrilməsi qaçılmazdır. Türk Dövlətləri Təşkilatının əsas məqsədi regional və milli sülhü universal sülhə çevirmək olmalıdır.
Türk millətinin tarixi məsuliyyəti bu birliyi mədəni dərinlik və ortaq tarix şüuru ilə bəsləməkdir.
Güclü Azərbaycan Avrasiyanın qəlbində sülhün və Türk-İslam sivilizasiyasının ən böyük təminatlarından biri olmağa davam edəcəkdir.
Tanrı Türk millətini qorusun.