26 il əvvəl boşandığı keçmiş həyat yoldaşını boğazından bıçaqladı

İstanbulun Avcılar rayonunda 62 yaşlı qadın 26 il əvvəl boşandığı və 17 ildir görmədiyi keçmiş həyat yoldaşının bıçaqlı hücumuna məruz qalıb.

Sherg.az xəbər verir ki, hadisə qadının oğlunun iş yerində baş verib. Məlumata görə, İbrahim Yayla iş yerinə gələrək keçmiş həyat yoldaşı Meneş Tekinə yaxınlaşıb və boğaz nahiyəsindən bıçaqlayıb. Qadın oğlunun müdaxiləsi nəticəsində xilas olub.

Yaralı xəstəxanaya çatdırılıb, tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hücumdan sonra saxlanılan İbrahim Yayla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hadisədən danışan Meneş Tekin bildirib ki, illər keçdiyi üçün keçmiş ərini tanımayıb: "Onun üzünü unutmuşdum. Tanımadığım bir insanın gəlib məni bıçaqlayacağını heç düşünməzdim".

Qadının oğlu Aytekin Yayla isə atasının hücumunu planlı şəkildə törətdiyini iddia edərək, onun peşmanlıq əlaməti göstərmədiyini bildirib. O, anasının qanaxmasını dayandırmağa çalışdığını və polis gələnədək hücumçunun yenidən zərər verməsinin qarşısını aldığını deyib.