ABŞ-nin Miçiqan ştatında qəzaya uğrayan F-16 qırıcısının pilotu hadisədən az əvvəl təyyarənin quşla toqquşduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Məlumata görə, pilot dispetçerə quşla toqquşma nəticəsində qırıcının mühərrikinin sıradan çıxdığını bildirib. Dispetçer təyyarəni ən yaxın hava limanına yönəltməyə çalışsa da, pilot təcili katapult etməli olduğunu deyib.
Hadisədən sonra qırıcının qalıqlarının yerləşdiyi ərazidən 1 mil (təxminən 1,6 kilometr) radiusda təxliyə elan edilib.
Daha əvvəl NBC F-16-nın Miçiqanın şimalında yerli vaxtla saat 14:00 radələrində qəzaya uğradığını bildirmişdi. Pilot katapult edərək xilas olub və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu açıqlanıb.
***
00:48
ABŞ-nin Miçiqan ştatında F-16 qırıcı təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə NBC telekanalının yerli bölməsi məlumat yayıb.
Məlumata görə, Texas Milli Qvardiyasının 149-cu Qırıcı Aviasiya Qanadına məxsus təyyarə Miçiqanda keçirilən planlı təlim zamanı qəzaya uğrayıb. Pilot katapult edə bilib və xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.
Hadisədən sonra qəza ərazisinin yaxınlığında yaşayan sakinlərə təhlükəsizlik məqsədilə evlərdə qalmaq, pəncərə və havalandırma sistemlərini bağlı saxlamaq barədə göstəriş verilib.
Qəzanın səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb.