Ağdamda keçmiş təmas xəttində yanğın davam edir - FOTO

Ağdam rayonunda keçmiş təmas xəttində, açıq ərazidə başlayan yanğın davam edir.

APA-nın Qarabağ bürosunun məlumatına görə, rayonun Baş Qərvənd, Bayramlar, Şıxlar, Cəvahirli və Çıraqlı kəndləri istiqamətində küləkli hava şəraiti səbəbindən yanğın genişlənib.

Yanğının minalanmış ərazidə davam etməsi səbəbindən partlayış səsləri eşidilir.

Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Bərdə, Ağcabədi və Ağdam rayonlarının yanğından mühafizə bölmələrinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi və tam nəzarətə götürülməsi istiqamətində əməliyyat davam etdirilir.

***

03.22

Ağdam rayonu ərazisində, qoşunların keçmiş təmas xəttində baş vermiş yanğınlar davam edir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, yanğının baş verdiyi minalanmış ərazilərdə bu gün də ardıcıl partlayış səsləri eşidilib.

Ərazidə partlamamış döyüş sursatlarının olması yanğının söndürülməsini çətinləşdirir.

Hazırda FHN-in Ağdam Yanğından Mühafizə Bölməsinin əməkdaşları texnika və canlı qüvvə ilə hadisə yerində yanğının yaşayış və istifadəyə yararlı ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.

***

08:26

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Ağdam rayonunun Kəngərli kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.