Türkiyənin Ağrı dağında zirvəyə qalxarkən itkin düşən 58 yaşlı Sevim Yılmazın meyiti 3 ay 20 gün davam edən axtarışlardan sonra tapılıb.
Sherg.az xəbər verir ki, Sevim Yılmaz martın 22-də Doğubəyazıt rayonundakı Ağrı dağında zirvə yürüşü zamanı qrupdan ayrıldıqdan sonra itkin düşmüşdü. Hadisə ilə bağlı ilkin məlumatda təxminən 4700 metr yüksəklikdə bir qrup alpinistin köməksiz vəziyyətdə qaldığı və hipotermiya təhlükəsi ilə üzləşdiyi bildirilmişdi.
Hadisə yerinə AFAD, Jandarma Axtarış-Xilasetmə (JAK), UMKE və digər qurumların əməkdaşları cəlb olunub. Sonradan məlum olub ki, bələdçinin müşayiəti ilə hərəkət edən 5 nəfərlik qrupun 4 üzvü təhlükəsiz şəkildə dağdan endirilib, düşərgəyə qayıtmaq üçün qrupdan ayrılan Sevim Yılmaz isə geri dönməyib.
Bundan sonra axtarışlar genişləndirilib. Əməliyyata kəşfiyyat təyyarəsi, pilotsuz uçuş aparatları, dronlar və peşəkar alpinistlər də cəlb olunub.
Çətin hava və relyef şəraitində davam edən axtarışlar nəticəsində hadisədən 3 ay 20 gün sonra pilotsuz uçuş aparatı vasitəsilə insan cəsədi aşkarlanıb. Meyit dağdan endirilməsi üçün götürülüb.
Rəsmilər bildiriblər ki, meyitin kimliyinin dəqiq müəyyənləşdirilməsi məqsədilə DNT ekspertizası aparılacaq. Nəticələrdən sonra onun Sevim Yılmaza məxsus olub-olmadığı rəsmən təsdiqlənəcək.