Tibb elmi hamiləlik üçün 20 + yaş dövrünü uyğun görür. Burada elə də böyük fərq görünmür
Naxçıvan şəhərində doğuşdan sonra ana ölümü faktı qeydə alınıb. APA xəbər verir ki, ilkin məlumata görə, qadının doğuşdan sonra səhhəti qəfil pisləşib.
Görülən tibbi müdaxilələrə baxmayaraq, onun bioloji ölüm faktı qeydə alınıb. Faktla bağlı Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır. Yenidoğulmuşun vəziyyəti isə qənəatbəxş olaraq qiymətləndirilir. Vəfat etmiş qadının 2007-ci il təvəllüdlü olduğu bildirilib. 
Hadisənin səbəblərinin araşdırılmalı olduğunu deyən mama-ginekoloq, cərrah Fəxranə Hüseynzadə “Sherg.az”a açıqlamasında qeyd etdi ki, tibbdə riskli hamiləliklər erkən yaş dövrünü əhatə edir. Lakin Naxçıvanda baş vermiş ana ölümündə qadının erkən yaş dövrü olduğunun söyləmək bir qədər çətindir:
- Təbii ki, faciəli bir hadisədir. Hədsiz məyusluq yaradır. Bir körpə anasız böyüyəcək. Amma məlumatlarda qadının 2007-ci il təvəllüdlü olduğu göstərilirsə, bunu erkən yaş dövrünə bağlamaq çətindir. Hamilə xanım 19-20 yaş arasında olub. Tibb elmi hamiləlik üçün 20 + yaş dövrünü uyğun görür. Burada elə də böyük fərq görünmür. Erkən nikahlar zamanı problemli hamiləliklərlə qarşılaşırıq. Yetkinlik yaşına çatmadan evləndirilən yeniyetmə qızlarımızın hamiləliyi təəssüf ki bəzən təhlükələrlə müşayət olunur. Orqanizm hələ tam formalaşmadığından hamiləlik baş verdikdə ciddi problemlər üzə çıxa bilir. Amma konkret bu ölüm faktında erkən yaş dövrünə əsaslanmaq olmur. Ola bilsin, gənc xanımın səhhətində hansısa başqa problemləri olub. Ölüm faktı doğuşdan sonra baş veribsə, hamiləlik dövründə qadının müayinələrinin nəticələrinə də baxılmalıdır. Ölümə bir çox amillər səbəb ola bilər. Ürək çatışmazlığı, qan azlığı, qanitirmə, yüksək təzyiq və sair... Biz doğuşun təbii, yoxsa qeysəriyyə kəsiyi vasitəsiylə əməliyyatla həyata keçdiyini də bilmirik. Təbii doğuş zamanı da qadınını səhhətində ağırlaşmalar üzə çıxa bilir, əməliyyat zamanı da pasiyent itkisi baş verə bilir. Tibbi ekspertiza mütləq ölüm səbəbini ciddi şəkildə araşdırmalıdır. Bu ona görə vacibdir ki oxşar situasiyalarda tibbi personal təcili, təxirəsalınmaz tədbir görülsün. Qanaxma varsa qarşısı dərhal alınsın, arterial təzyiq yüksəkdirsə, normal həddə salınması üçün lazımi müdaxilə edilsin.
Hamiləliyin problemli olacağına şübhələr yarandıqda əlavə müayinələr, ya da müalicə təyin edilir. Bütün hallarda orqanizm üçün uyğun bir dövrdə qadının hamilə qalması məsləhətdir. Hamilə xanlmlarımıza tövsiyə edirik ki, vaxtlı-vaxtında müayinələrdən keçsinlər, hər hansı sağlıq problemi varsa, aradan qaldırılsın ki doğuşa tibbi baxımdan hazırlıqlı olsunlar.