Bakıda törədilən silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Xətai rayonunda törədilən silahlı insident və digər ağır cinayətlərlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 23-də Bakı şəhərinin Xətai rayonu, General Şıxlınski küçəsi, 145 ünvanında yerləşən “Ab-Hava” adlı restoranda 1983-cü il təvəllüdlü kriminal aləmdə “Ceyhun Sabunçu” ləqəbi ilə tanınan Mirağayev Cəlal Miryaqub oğlunun qəsdən öldürülməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İlkin istintaqla müəyyən edilib ki, Cəlal Mirağayevlə (“Ceyhun Sabunçu” ləqəbli) Rəhimov Emin Qoşqar oğlu (“Sabunçu Emin” ləqəbli) arasında borcla bağlı yaranmış mübahisənin həll edilməsi məqsədilə kriminial aləmlə əlaqəli olan digər şəxslərin iştirakı ilə 23.10.2026-cı il tarixdə, saat 00 radələrində qeyd olunan restoranda təşkil edilən görüş zamanı tərəflər arasındakı münaqişə fiziki qarşıdurmaya çevrilib və ictimai qaydanın kobud şəkildə pozulması ilə müşayiət olunan dava baş verib.

Dava zamanı Cəlal Mirağayev Emin Rəhimova yumruqla zərbə vurduqdan sonra sonuncunun dostu Cəfərov Elmar Sücayət oğlu və özü bıçaqla Cəlal Mirağayevə zərbələr endiriblər və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Həmçinin qeyd olunan davada iştirak edən digər şəxslərin barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 218.1, 218.2 (cinayətkar birlik yaratma, cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və sair nümayəndələrinin birliyində iştirak etmə), 234.4.1, 234.4.3-cü (mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) və digər maddələri ilə cinayət işi başlanmışdır.

Qeyd edilən cinayətlərin törədilməsində bu və ya digər formada iştirak etmiş bütün şəxslər - Cəfərov Elmar Sücayət oğlu, Rəhimov Emin Qoşqar oğlu, Əli-Zadə Əhməd Arzuxan oğlu, Zülfüqarov Həsən Mehman oğlu, Dadaşov Ramil Zahir oğlu, Eldarov Eldar Faiq oğlu, Kazımov İsmayıl Fərəməz oğlu, Səfixanov Xəyyam Ağamməd oğlu, eləcə də Əfəndiyev Kamran Səttar oğlu, Səfərov Elvin Füzuli oğlu, İsmayılov Mikayıl Vəli oğlu, Nuriyev Elmar Ağayusif oğlu, Əyyublu Fərid Rəfail oğlu, cəmi 13 nəfər Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən prokurorluqla koordinasiyalı şəkildə peşəkarcasına keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaq orqanına təhvil veriliblər.

Aparılan istintaq tədbirləri nəticəsində Cəlal Mirağayevin başqa cinayət əməlinə görə axtarışda olan Elmar Cəfərov və Emin Rəhimov tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (mütəşəkkil dəstə tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə, digər şəxslər isə yuxarıda qeyd olunan müvafiq maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunublar.

İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında saxlanılan bütün şəxslərin barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Cəlal Mirağayevin qətlə yetirilməsi ilə əlaqəli olduğundan qeyd edilən cinayət işləri, habelə adları qeyd olunan şəxslər barəsində əvvəllər başlanmış cinayət işləri bir icraatda birləşdirilib, prokurorluq və daxili işlər orqanlarının peşəkar müstəntiqlərindən ibarət istintaq qrupu yaradılmaqla cinayət işinin ibtidai istintaqının davam etdirilməsi Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilməklə nəzarətə götürülmüşdür.

Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla cinayət işi üzrə bütün halların müəyyən olunması, obyektiv qərarların qəbulu və nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

Eyni zamanda Baş Prokurorluq istintaqın obyektivliyinə və gedişinə mənfi təsir göstərə biləcək, prokurorluqla dəqiqləşdirilməmiş məlumatların yayılmasının qanunla yolverilməz olduğunu media nümayəndələri və sosial şəbəkə istifadəçilərinin diqqətinə çatdırır.