Əkin sahələri niyə yandırılır? – Ekspertdən AÇIQLAMA

Bir çox ərazilərdə əkin sahələrinin yandırılması fktları ilə bağlı hüquqi tədbirlər görülüb. Bu cür hadisələr Saatlı, Ağdam rayonlarında baş verib. Şübhəli bilinən şəxslər hüquq-mühafizə orqanları tərəfindən nəzarət altına alınıb. Məlum olub ki, Ağdam-Ağcabədi inzibati ərazilərinin kəsişməsində yerləşən əkin sahəsi, Saatlı rayonunun Musalı kəndi ərazisindı isə quru otlaq sahəsi qəsdən yandırılıb. Meşə yanğınları müəyyən qədər başadüşüləndir. İnsanlar istirahətə gedir, ocaq qalayır, ehtiyatsızlıq edirlər, yaxud da siqsret kötüyünü yerə atır, otlar yanmağa başlayır, yanğın genişlənərək daha böyük əraziləri əhatə edir. Amma əkin sahələrinin yandırılması qəribədir. Kəndli, fermer fayda gördüyü sahəni niyə yandırsın ki? Belə izahlar var ki, kəndlilər əkin və otlaq sahərini özləri bilərəkdən yandırır. Buna səbəb isə quru otun, küləşin sahədən toplanmasına əlavə vaxt sərf etməmək, növbət əkinə daha tez başlamaq göstərilir. Bu iddia doğrudurmu?

İqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında bildirdi ki, buğda yığımından sonra, samanı tez bir zamanda təmizləmək, alaq otlarının toxumlarını və zərərvericiləri məhv etmək və ağır texnikadan istifadə etmədən torpağı yeni şumlamaya hazırlamaq üçün bəzən tarlalarda küləş, qalan gövdələr yandırılır. Lakin bu, növbət şum üçün əlverişli olsa da, torpağın münbit qatını zədələyir və məhsuldarlığı azaldır: 

- Yanma nəticəsində zərərvericilərlə yanaşı faydalı mikroorqanizmlər, həşəratlar da məhv olur. Torpağın üzvi təbəqəsi zədələnir, gələcək məhsuldarlığı azalır. Quraq bölgələrdə az miqdarda olur və parçalanması təxminən 3 il çəkir. Saman və bioloji preparatlara azot tətbiq etmək baha başa gəlir. Torpaq böcəklərini aradan qaldırmaq üçün bəzən yarı şumlamadan əvvəl sahəni yandırırlar. Kəndli əlavə xərc çəkmək istəmir, buna imkanı çatmır, ona görə də sahəni yandırmaqla yeni şuma hazırlıq görür. Amma dediyim kimi, əkin sahəsinin yandırılması torpaq qatına ciddi zian vurur, faydalı mikroorqanizmləri məhv edir. Həm də yanğın genişlənib ətraf ərazilərə də keçə bilir. Bu isə isti günlərdə çox təhlükəlidir. Çünki quru ot, saman tez alışır, yanğının əhatəsi böyüyür.