“Allah rəhmət eləsin” kifayət etmir: Yanğının səbəbləri açılmalıdır

Sosial mövqe “piti qoxusu” olmamalıdır, ictimai duruş sistemli olmalıdır

Bakı yenə yanğın şoku altındadır. Paytaxtın Yasamal rayonu, M.Seyidov küçəsindəki yaşayış binasında baş vermiş yanğında 3 vətəndaşımız həyatını itirmişdi, 20 nəfər xəsarət almışdı. Dekabrın 5-də isə Qaradağ rayonu, "Qobu Park-1" yaşayış kompleksində baş verən yanğın daha 4 vətəndaşımızın canını aldı. Onlardan ikisi azyaşlıdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Qobu Park-1”də baş verən faciə ilə bağlı məlumat yayıb. Bildirilir ki, yanğınla əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri və komitənin aidiyyəti struktur bölmələrinin rəhbərləri hadisə yerində olublar. İlkin araşdırma nəticəsində yanğının Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verdiyi müəyyən edilib. Yanğın nəticəsində meydana gələn qatı tüstü nəticəsində binanın 9-cu mərtəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Əkrəm Əşrəf oğlu Yusifovun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Zülfiyyə Ramiq qızı Yusifova və onun övladları 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan Füzuli rayonundan keçmiş məcburi köçkün 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər. Qeyd edilir ki, Yusif Hüseynov Bakı şəhəri Xəzər rayonu Qala qəbiristanlığı, Zülfiyyə Yusifova və övladları isə doğulduğu Gədəbəy rayonunda dəfn olunacaqlar. “Yanğının söndürülməsi zamanı müvəqqəti yaşayış sahələri zərər görən ailələrin yerləşdirilməsi üçün Dövlət Komitəsi tərəfindən tədbirlər görülür. Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-in araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq”, - açıqlamada vurğulanıb.

Paytaxtdakı əksər binaların real təhlükə mənbəyi olduğu bəllidir. Binaların alt mərtəbələri, zirzəmilər iaşə obyektlərinə icarəyə verilir, əlavə konstruksiyalar quraşdırılır, qaz xətti, elektrik naqilləri standartlara uyğun olmadan çəkilir, yanğından mühafizə sistemləri işləmir, əlavə çıxışlar qapadılır, təhlükəsizlik normalarına məhəl qoyulmur. Daha nə baş verməlidir ki, Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsaalma və Arxitektura Komitəsi, iacra hakimiyyətləri hərəkətə gəlsin, qanunsuzluqlara göz yummasınlar?  

Sosioloq Yusif Nəbiyev feysbuk səhifəsində bir neçə suallar qoyub: 

- Yanğın nədən baş verib? Hansı təhlükəsizlik qaydaları pozulub? Binanın yanğın çıxışı varmı? Varsa, sakinlər niyə qaça bilməyiblər? Yanğınsöndürənlər əraziyə niyə vaxtında çata bilməyiblər? Bu sualları soruşmalıyıq. Cəmiyyətin hadisəyə kütləvi reaksiyası bu suallar ətrafında olmalıdır ki, kimlərsə hesabat verməyə məcbur olsunlar. Toplu şəkildə "Allah rəhmət eləsin, deməklə heç nə düzəlmir. Allah kimə rəhmət edib, kimə etməyəcəyini sizdən soruşmur onsuz da. Sizdən soruşacağı başqa şeylər olacaq. 90 faiz rəylər "Allah rəhmət eləsin"dən ibarətdir. Rəhmət diləmək fərdi mövqe ola bilər. Dilə. Axşama kimi dilə. Belə canın yanırsa, mərhumların axirəti üçün get cənazə namazlarında iştirak elə. Dəfn mərasimində iştirak elə. Mərhumlardan geriyə borc qalıbsa, maraqlan, ödə, borcu bağla. Ehsan ver onların adına. Ol “bomba” müsəlman. Amma sosial mövqe "rəhmət" olanda, burdan bir az quyruq qoxusu gəlir. Piti qoxusu gəlir. Bu, başqa şeydi. Sosial mövqe, ictimai duruş sistemli və məqsədyönlü olmalıdır. 

Qeyd edək ki, sosial şəbəkədə “Gövhər MTK”nın inşa etdiyi yaşayış binasının vəziyyəti qeyd olunub: “Vəziyyət acınacaqlıdır. Fövqəladə Hallar Nazirliyi təhvil götürmür, "Azərişıq" ASC sayğacla təmin etmir, Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin, bəlkə də, binadan xəbəri yoxdur, binanın altında çirkli sular var, amma İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti görmür, həyətdə mühafizə yox, elektrik naqilləri açıq, bir neçə dəfə yanğın olub, amma yanğınsöndürən girə bilməyib. Bununla bağlı aidiyyəti orqanlara yazılıb. Amma nəticə yoxdur. Allah qorusun, nəsə hadisə olanda gələcəklər”.

Vəziyyətimiz belədir.