Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib

Pekindən Mançesterə uçan təyyarə texniki nasazlıq səbəbindən Rusiyanın Krasnoyarsk şəhərində planlaşdırılmamış eniş edib.

Sherg.az xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Hainan Airlines aviaşirkətinə məxsus təyyarədə 230-dan çox sərnişin olub. Təyyarə Krasnoyarsk Beynəlxalq Hava Limanına təhlükəsiz enib və hadisə nəticəsində xəsarət alan olmayıb.

Aeroportdan bildirilib ki, sərnişinlərin Mançesterə yola salınması üçün ehtiyat təyyarə göndəriləcək.

Qeyd edək ki, avqustun 11-də də Batumidən Permə uçan “Red Wings” aviaşirkətinə məxsus təyyarə texniki nasazlıq səbəbindən Yekaterinburqda məcburi eniş etmişdi. Eniş normal həyata keçirilib və Nəqliyyat Prokurorluğu araşdırma başladıb.