Tovuzda itkin düşən 13 yaşlı qızın atası: "Maşına minməyib, deyib özüm gəlirəm" - TƏFƏRRÜAT

Tovuz rayonunun Bozalqanlı kəndindən olan 13 yaşlı qızın atası açıqlama verib.

Sherg.az xəbər verir ki, Bizim.Media azyaşlının atası Elçin Süleymanovla əlaqə saxlayıb.

Ata bildirib ki, uşağın hara getməsi ilə bağlı heç bir ehtimalı yoxdur:

"Hara gedə bilər, heç bilmirəm. Heç bir məlumatımız, ehtimalımız yoxdur. Bir az əsəbi uşaqdır. Hətta onu psixoloq yanına da qoymuşduq. Qızım nənə-babası ilə yaşayır. Axırıncı dəfə Qəbələyə ekskursiyaya getmək üçün icazə istədi. Bundan əvvəl iki dəfə gəzintiyə getməsinə icazə vermişdik. Bu dəfə icazə vermədik. Dedik, qız uşağıdır, yol da uzaqdır. Yeganə ehtimal edirik ki, icazə vermədiyimiz üçün əsəbiləşib, çıxıb gedib. Dərsdən çıxanda anamla atam məktəbin qabağında olub, amma maşına minməyib, deyib özüm yavaş-yavaş gəlirəm. Elə oradan da çıxıb gedib".

Ata deyir ki, hazırda polis əməkdaşları və kənd camaatı uşağın axtarışındadır:

"Hara gedib, hansı səmtə üz tutub, bilən yoxdur. Nə rəfiqələri, nə yoldaşları hayana getdiyini bilmirlər. Bütün qohum-əqrəba, tanış-biliş, polis hamı axtarır. Hazırda kameradan hara getdiyinə baxırıq. Kamera göstərir ki, axşam saat 9-da Əlimərdanlı yolunda görünüb. Ümid edirəm izinə düşüb, tapa bilərik", - deyə ata əlavə edib.