Türkiyədə son sutka ərzində 115 yanğın hadisəsi qeydə alınıb

Türkiyədə son sutka ərzində 69-u meşə ərazisindən kənarda olmaqla, ümumilikdə 115 yanğın hadisəsi baş verib. Onlardan 110-u tam nəzarətə götürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı məlumat verib.

Nazir bildirib ki, yanğınların söndürülməsinə 21 təyyarə, 69 helikopter, 500-ə yaxın yanğınsöndürmə texnikası və 3500-dən çox meşə təsərrüfatı işçisi cəlb olunub. Hazırda üç bölgədə alovla mübarizə davam edir.

“Dünən axşam Antalyanın Alanya rayonunda meşə yanğını başlayıb, əsas qüvvələrimiz orada cəmləşdirilib. Bu ərazidə küləyin sürəti əvvəlcə saatda 50 kilometrə çatsa da, saat 23:00 radələrində 84 kilometrədək artıb. Güclü külək həm yanğınsöndürənlərin təhlükəsizliyini risk altına salır, həm də müdaxilə xəttinin effektiv qurulmasına mane olurdu. Təcrübəli əməkdaşlarımız yanğının geniş əraziyə yayılmasının qarşısını ala biliblər. Lakin təhlükə hələ də aradan qalxmayıb. Buna görə də yanğının söndürülməsi istiqamətində işlər gün ərzində fasiləsiz davam edəcək”, - deyə Yumaklı vurğulayıb.

Nazir vətəndaşları yanğın riskinə qarşı diqqətli olmağa çağırıb.