“Üç aylıq ömrün qalıb” dedilər, 6 ildir həyata tutunur: “Xərçəng deyilsən, xəstəliyini tapdıq”

Dörd aylıq hamilə ikən limfoma diaqnozu qoyulan Özge Şahinbaşdan körpəsini itirmək bahasına müalicəyə başlaması istənilib. Lakin o, müalicədən imtina edərək hamiləliyini davam etdirib və oğlunu sağlam dünyaya gətirib. Doğuşdan sonra vəziyyəti ağırlaşan qadın 6 əməliyyat keçirib və ailəsinə onun cəmi üç aylıq ömrünün qaldığı bildirilib.

Sherg.az xəbər verir ki, İstanbulda yaşayan və model kimi fəaliyyət göstərən Özge Şahinbaş hamiləliyinin dördüncü ayında halsızlıq, ağızdan qan gəlməsi və limfa düyünlərinin böyüməsi kimi şikayətlərlə həkimə müraciət edib. Ona limfoma diaqnozu qoyulub və təcili müalicəyə başlanması üçün hamiləliyin sonlandırılması tövsiyə olunub. Şahinbaş isə körpəsini dünyaya gətirmək qərarına gəlib.

Oğlu sağlam doğulduqdan sonra qadının vəziyyəti yenidən ağırlaşıb. O, 16 kiloqram arıqlayıb, təkrar qan qusub və müxtəlif müayinələrdən keçib. PET müayinəsindən sonra isə ona xərçəng xəstəsi olduğu bildirilib və ailəsinə cəmi üç aylıq ömrünün qaldığı deyilib.

Şahinbaş daha sonra keçirdiyi altıncı əməliyyatdan sonra həqiqəti öyrənib. Həkimlər onun xərçəng olmadığını, əsl xəstəliyinin sarkoidoz olduğunu bildiriblər. Sarkoidoz immun sisteminin həddindən artıq reaksiyası nəticəsində müxtəlif orqanlarda iltihabi hüceyrə qruplarının yaranmasına səbəb olan xəstəlikdir.

Hadisədən 6 il sonra Şahinbaş hələ də mütəmadi tibbi nəzarətdədir. O, bəzən nəfəs darlığı, halsızlıq və huşunu itirmə ilə üzləşdiyini, lakin oğlunun yanında böyüməsindən xoşbəxt olduğunu deyib.

Şahinbaş həyati əhəmiyyət daşıyan diaqnoz və müalicə qərarları zamanı ikinci, lazım gələrsə üçüncü mütəxəssis rəyinin alınmasını tövsiyə edib.