Vanı nəhəng çəyirtkələr bürüdü: Boyları 20 santimetrə çata bilir

Vanın Ərciş rayonundakı Zilan yaylaqlarında uzunluğu 15 santimetrə çatan nəhəng çəyirtkələr aşkarlanıb. Böcəkləri ilk dəfə bu ölçüdə gördüklərini deyən sakinlər narahatlıq keçirib.

Sherg.az xəbər verir ki, Hakkari Universitetinin Biomüxtəliflik Tətbiq və Araşdırma Mərkəzinin professoru Mehmet Sait Taylan bu çəyirtkələrin “Saga” cinsinə aid yırtıcı və ətyeyən növ olduğunu bildirib.

Alimin sözlərinə görə, bu çəyirtkələr insanlara və bitkilərə zərər vermir, əksinə kənd təsərrüfatına ziyan vuran digər həşəratlarla qidalanaraq ekosistemdə mühüm rol oynayırlar.

Taylan sakinləri çəyirtkələrə zərər verməməyə çağırıb. Onun sözlərinə görə, bu növlərin uzunluğu 12-15 santimetrə çata bilər, dişilərdə yumurtaqoyan orqan da nəzərə alındıqda ümumi uzunluq 20 santimetrə yaxınlaşa bilər.

Alim qeyd edib ki, ilk baxışda qorxuducu görünsələr də, bu canlılar təbii ekosistemin tarazlığının qorunması baxımından əhəmiyyətlidir.