"ChatGPT" intihara səbəb oldu" kimi bir başlıq heç də az oxunma cəlb etməzdi, amma həqiqət daha mürəkkəbdir
"ChatGPT"dən psixoloqluq etməsini gözləmək absurddur
ABŞ-də 16 yaşlı yeniyetmə intihar edib, bundan sonra valideynləri hadisədə "OpenAI" şirkətinin "ChatGPT" neyron şəbəkəsini günahlandırıblar. Yeniyetmənin ailəsi təşkilata və onun rəhbəri Sem Altmana qarşı məhkəmədə iddia qaldırıb.
Bu barədə NBC kanalı məhkəmə sənədlərinə istinadən məlumat verib.
San-Fransiskoda Kaliforniya Ali Məhkəməsində qaldırılan iddiaya görə, yeniyetmə həyatının son həftələrində chatbotla aktiv şəkildə ünsiyyətdə olub. Oğlan intihar etmək planları barədə çatbota məlumat verəndə "ChatGPT" onunla dialoqu dayandırmayıb və "təcili protokol"u aktivləşdirməyib.
Yeniyetmənin valideynləri "OpenAI"ı ölümə səbəb olmaqda, çatbotdakı qüsurlarda, həmçinin şirkətin öz məhsulunun istifadəsi ilə bağlı risklər barədə xəbərdarlıq etməməsində ittiham ediblər.
Sosioloq Yusif Nəbiyev Sherg.az-a söyləyib ki, məsələni tamamilə texnologiyanın üzərinə yıxmaq ilk baxışdan cazibədar görünə bilər:
"Xüsusilə dövrümüzün sarı mediası fonunda xəbər başlıqlarına həqiqətin yox, diqqətçəkən, həyəcandoğuran ifadələrin yazıldığını nəzərə alsaq, ""ChatGPT" intihara səbəb oldu" kimi bir başlıq heç də az oxunma cəlb etməzdi. Amma həqiqət daha mürəkkəbdir. Hər şeydən öncə, böyük sosioloq E. Durkheimin intihar anlayışını sırf fərdi, psixoloji qərar kimi yox, sosial inteqrasiya və nəzarət fonunda dəyərləndirilməli olan bir sosial fenomen kimi ələ alırdı. “Anomiya” şəraitində - yəni cəmiyyətin normativ boşluğa düşdüyü mühitdə - intiharların qaçılmaz olduğunu qeyd edirdi. Bu baxımdan, məsuliyyəti yalnız bir texnoloji platformanın üzərinə yükləmək, ailənin, məktəbin, sosial şəbəkələrin və ümumilikdə ictimai dəstək sistemlərinin rolunu görməzdən gəlməkdir. "ChatGPT" və oxşar süni intellektlər insanın daxili boşluğunu doldurmaq və ya keyfiyyətli sosial əlaqələri əvəzləmək üçün yaradılmayıb. "ChatGPT"dən psixoloqluq etməsini gözləmək absurddur. O sadəcə bir alətdir və ona yanaşma da buna uyğun formada olmalıdır. Hansısa alət bir hadisənin günahkarı ola bilməz".
Ekspert əlavə edib ki, texnologiya şirkətlərinin sosial məsuliyyəti var"
"“Təcili protokol”un işləməsi, yəni intihar ipuclarına rast gəldikdə istifadəçini təhlükəsizlik xəttlərinə yönləndirmək artıq bir çox platformalarda tətbiq olunur. Amma “"ChatGPT" intihara təşviq edə bilərmi?” sualına gəldikdə, süni intellektin məqsədli şəkildə intihara təşviq etməsi, ümumiyyətlə, mövzu deyil. Biz ən yaxşı halda “intihara təşviq” yox, “yeterli maneə olmamaq” barədə danışa bilərik. Bəli, şəbəkələr təkmilləşdirilməlidir, amma təkcə "ChatGPT" yox. Sosial media platformaları, oyun servisləri, hətta məktəb proqramları da yeniyetmələrin emosional rifahını nəzərə almalıdır. Əks halda hər yeni hadisədə başqa bir texnologiya günah keçisinə çevriləcək".