Köhnə foto albomlarını vərəqləyərkən yəqin ki, bunu siz də görmüsünüz: Hamı sanki yas mərasimindədir-ciddi, soyuq və hissiz baxışlar…
Bəs əcdadlarımızın bu donuq ifadələrinin arxasında doğrudan da bədbəxtlik dayanırdı, yoxsa başqa səbəblər vardı? Məlum olur ki, bu ciddi sifətlərin arxasında həm texniki məhdudiyyətlər, həm də dövrün sosial və estetik qaydaları gizlənirdi.
Uzun illər bu ciddiliyin əsas səbəbi kimi texnologiyanın zəifliyi göstərilib.
İlk nəsil fotoaparatlar qurulması və çəkilişi dəqiqələrlə vaxt aparan mürəkkəb sistemlər idi. İnsanlar bu müddət ərzində tərpənmədən dayanmalı olurdu. Belə şəraitdə təbii təbəssümü qorumaq demək olar ki, mümkün deyildi. Buna görə də insanlar ən rahat ifadəni neytral baxışı seçirdilər.
Sherg.az xəbər verir ki, George Eastman Museum kuratoru Todd Gustavsonun sözlərinə görə, 1850-ci illərə qədər bu texniki problemlər aradan qaldırılmamışdı.
Amma məsələ yalnız texnologiya ilə bağlı deyildi. Professor Christina Kotchemidova bildirir ki, kamera qarşısında gülümsəmək əslində insanın instinktiv davranışı deyil, sonradan formalaşmış sosial normadır.
Onun sözlərinə görə, həmin dövrdə fotoqrafiya peşəkar etik və davranış qaydaları çərçivəsində həyata keçirilirdi. Fotoqraflar insanlara xüsusilə ciddi görünməyi tövsiyə edirdilər. Çünki fotoşəkil ani emosiyanı deyil, insanın cəmiyyətdəki ağırbaşlı və nüfuzlu duruşunu əks etdirməli idi.
Digər məşhur, lakin mübahisəli nəzəriyyə isə pis dişlərlə bağlıdır.
19-cu əsrdə şəxsi gigiyena olduqca zəif idi. Buna görə insanların çürük və ya əskik dişlərini gizlətmək üçün ağızlarını bağlı saxladıqları düşünülür. Lakin tarixçi Nicholas Jeeves bu fikirlə razılaşmır. O bildirir ki, həmin dövrdə pis dişlər o qədər yayılmışdı ki, bu, utanc mənbəyi hesab olunmurdu.
Əsas səbəb texnologiya və gigiyenadan daha çox sosial normalarla bağlı ola bilərdi.
Təxminən 200 il əvvəl geniş gülümsəmə hər zaman müsbət qarşılanmırdı. Əksinə, bu ifadə yoxsulluq, sərxoşluq, ağılsızlıq və ya təlxəkliklə əlaqələndirilirdi.
Krallıq ailələri və zadəganlar isə öz nüfuzlarını və hakimiyyətlərini göstərmək üçün ciddi görünürdülər. Sadə insanlar da hörmətli görünmək üçün bu “zadəgan ciddiliyini” təqlid edirdilər.
Bəzi mütəxəssislərin fikrincə, fotoqrafiya yarandığı zaman öz qaydalarını sıfırdan yaratmadı, rəssamlıq sənətinin ənənələrini miras aldı.
Fotoqrafiya icad olunmazdan əvvəl insanların simasını əbədiləşdirməyin yeganə yolu yağlı boya portretlər idi. Rəssam qarşısında saatlarla hərəkətsiz dayanmaq ciddi sifət tələb edirdi və bu portretlərdə gülüşə demək olar ki, rast gəlinmirdi.
Bu məsələdə ən məşhur istisna isə Mona Lisa idi. Lakin məlumdur ki, Leonardo da Vinci həmin məşhur təbəssümü yaratmaq üçün illərlə çalışmışdı. Hətta onun müasirləri belə portretdə gülümsəyən insan görməyə təəccüblənirdilər.
Rembrandt və Diego Velazquez kimi sənətkarların əsərlərində də gülən insanlara nadir hallarda rast gəlinir. Çünki portret insanın sevincini deyil, ruhunun dərinliyini və ciddi xarakterini göstərməli idi.
Bu gün foto çəkdirərkən insanlar “cheese” deyərək gülümsəyirlər. Amma 19-cu əsrdə fotoqraflar tam əksini edirdi - insanlardan “prunes” (“quru ərik”) demələrini istəyirdilər.
Bunun səbəbi yalnız gülüşü önləmək deyildi. Viktoriya dövrünün estetik anlayışına görə böyük ağız kobud və qeyri-zərif sayılırdı. Kiçik və büzülmüş dodaqlar isə aristokratik görünüşün simvolu hesab olunurdu.
Bu səbəbdən insanlar fotolarda həm ciddi, həm də “zadəgan və estetik” görünməyə çalışırdılar.
İnsanlar fotoşəkilin gələcək nəsillər üçün qalacaq daimi sənəd olduğunu bilirdilər və “ideal əcdad” kimi görünmək istəyirdilər.
Məşhur yazıçı Mark Tvain bu barədə belə deyirdi:
“Foto çox vacib sənəddir və gələcək nəsillərə qalacaq ən pis şey sonsuza qədər donmuş axmaq təbəssümdür.”
Nəticədə fotoşəkil sadəcə ani kadr deyil, ciddi və zamansız portret kimi qəbul olunurdu. Kamera texnologiyası inkişaf edib ucuzlaşdıqca, xüsusilə 20-ci əsrin əvvəllərində insanlar daha rahat və səmimi pozalar verməyə başladılar.
Amma 19-cu əsr fotolarındakı o ciddi baxışlar tarixdə həm texnoloji məcburiyyətin, həm sosial qaydaların, həm də estetik anlayışın simvolu kimi qaldı.