Beynəlxalq Həndbol Federasiyası rusiyalı ekspertlərə də qadağa qoydu


Beynəlxalq Həndbol Federasiyası (IHF) da Rusiya idmançılarına qarşı sərt qərar çıxarıb.

Oxu.Az xəbər verir ki, IHF-nin Şurası BMT-nin 21 dekabr 2021-ci il tarixli, 193 ölkənin razılığı ilə qəbul edilmiş qətnamənin pozulduğunu əsas gətirərək Rusiya və Belarusdan olan bütün komandalara, rəsmilərə, hakimlərə, mühazirəçilərə və ekspertlərə yarış və tədbirlərdə iştirak etməyi qadağan edib.

IHF bildirib ki, “İdman və Olimpiya idealı vasitəsilə sülhsevər və daha yaxşı bir dünya qurmaq” prinsipinə möhkəm inanır və idman vasitəsilə sülhün təşviqi BMT-nin qətnaməsində əsas mövzudur.

Beləliklə, Rusiyanın bu il keçirilməli olan gənclərin (U-20) və yeniyetmələrin (U-18) dünya çempionatında iştirakı mümkünsüz olub. Komandanın adı bu il 21-26 iyun tarixlərində Yunanıstanın Krit adasında keçirilməli olan kişilər arasında çimərlik həndbolu üzrə dünya çempionatının iştirakçıları arasından çıxarılıb.

Qeyd edək ki, Avropa Həndbol Federasiyası da oxşar qərar qəbul edib.