Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdan gələn bələdiyyə seçkilərində seçicilərə təzyiq göstərən, işdən çıxarmaqla hədələyən və ya rüşvət təklif edən şəxslərin cəzalandırılacağını bildirib. O, hətta öz siyasi komandasının üzvlərinə də güzəşt edilməyəcəyini vurğulayıb.
Sherg.az xəbər verir ki, Paşinyan vətəndaşları qanun pozuntuları barədə ona və ya hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırıb. Baş nazir müraciətlərin əsaslı sübutlarla dəstəklənməsinin vacibliyini qeyd edib.
Onun sözlərinə görə, seçicilərə təzyiq göstərən və inzibati resurslardan istifadə edən namizədlərə, o cümlədən hakim “Vətəndaş müqaviləsi” partiyasının təmsilçilərinə səs verilməməlidir. Paşinyan bildirib ki, bu cür hallarla bağlı daxil olan müraciətlər araşdırılacaq.
Qeyd edək ki, 2026-cı ilin payızında Ermənistanda 46 icmada yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Səsvermə sentyabrın 27-də, oktyabrın 25-də və noyabrın 29-da təşkil olunacaq.