İdmana böyük diqqət:"..Yerli idmançıların üzə çıxarılması istiqamətində səylər artırılmalıdır"

Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib.
"Sherg.az"ın məlumatına görə, Prezident İlham Əliyev öz təəssüratlarını bölüşüb:
"Mən hesab edirəm ki, sən artıq Olimpiya Oyunlarının qızıl medalını qazanmısan. Çünki sən üçqat dünya çempionusan və dünya çempionatı da Olimpiya Oyunları ilə eyni səviyyəli yarışdır. Bəlkə də Olimpiya Oyunları daha həyəcanlı bir yarışdır, çünki 4 ildən bir keçirilir və bütün dünya ictimaiyyətinin diqqəti oradadır. Amma təmsilçilik baxımından və rəqabət baxımından dünya çempionatları ondan geri qalmır. Ona görə sənin üç qızıl medalın var dünya çempionu kimi. İndi təvazökar insan kimi bir medal taxmısan, amma sənin medalların nə qədərdir, bəlkə özün də sayını itirmisən. Yadındadır nə qədər medalın var sənin?"
Hacı Əliyev "Çoxdur" cavabını verib.
Prezident İlham Əliyev isə qeyd edib:
“İndi üç dünya çempionu medalı, ondan sonra Olimpiya, üç dəfə Avropa çempionu. Ona görə sən bütün medalları taxsan sinəndə yer qalmaz. Biz hər bir idmançıdan qələbə gözləyirik. Amma əsas odur ki, yarışda iştirak edəcəksən. 
Mən bilirəm ki, sən son Olimpiya Oyunlarında bir az tərəddüd edirdin gələcək fəaliyyətinlə bağlı. Amma yaxşı ki, qalmısan idmanda. Sən lazımsan həm idmana, həm gənclərə və doğrudan da gənclər üçün, gənc idmançılar üçün bir nümunəsən. Çünki üçqat dünya çempionu olmaq, doğrudan da tarixi nailiyyətdir. Ona görə səni bir daha təbrik edirəm".
Qeyd edək ki, gənclərimiz Vətəni daim ləyaqətlə təmsil ediblər. Onlar əldə etdikləri nailiyyətlərlə cəmiyyətimiz üçün nümunələrə çevrilib.
Prezident İlham Əliyev həmişə gənclərimizə etimad göstərib. Nə xoş ki, bu güvən bütün sahələrdə özünü doğruldub.
İdman sahəsindəki müvəffəqiyyətlərimizlə bağlı “Sherg.az”a danışan “Qol.az” saytının baş redaktoru, idman jurnalisti Aydın Bağırov müəyyən problemlərdən bəhs edib:
“2020 Olimpiya Oyunlarından sonra Azərbaycanda İdman Federasiyalarının bir çoxunda rəhbər dəyişikliyi olub. O cümlədən, Gənclər və  İdman Nazirliyində  bu cür hal baş verib. Görünür ki, idmanın inkişafı baxımından dövlət tərəfindən yeni plan hazırlanır. Bu günə qədər idman federasiyalarının bir çoxunda ciddi problemlər mövcud idi. Hələ də müəyyən qurumlarda bunlar həll olunmayıb. Xüsusilə, futbolun adını çəkə bilərik”.
 A.Bağırov vurğulayıb ki, idmanla bağlı uğurlarımız bizi aldatmamalıdır:
“Amma digər federasiyalarda dəyişikliklər olub. Bu, baş verəndən sonra ilk olaraq güləş idman növündə yarışlar oldu. Orada müsbət nəticələr qeydə alınıb. Təbii ki, nailiyyətlərə görə eyforiyaya qapılmamalıyıq. İdmanın proqressivləşməsi yönündə işlər daha da artırılmalıdır”.
 İdman jurnalisti bu sahədə inkişafı artırmağın yollarını izah edib:
“Düşünürəm ki,  Bakıdan və bölgələrdən yerli idmançıların tapılıb üzə çıxarılması istiqamətində səylər artırılmalıdır. Bu günə qədər idman ictimaiyyətinin, o cümlədən idmançıların narazılığına səbəb olan kütləvi legioner siyasətindən imtina olunmalıdır. Ümumiyyətlə, Azərbaycanın həmişə perspektivli  idmançıları olub, gələcəkdə də yetişəcək. Bölgələrdə Olimpiya Kompleksləri var. Onlar təyinatı üzrə istifadə olunmalı, idmançılar cəlb edilməli, idman yarışları daim aktiv şəkildə keçirilməlidir. Belə halda bu sahə inkişaf edər, beynəlxalq səviyyədə yüksək uğurlar qazanarıq”.