Qurban Qurbanov: PSJ bizim üçün böyük ad kimi görünür

“Çox sevindiricidir. İllər boyu çox əziyyət çəkmişdik. İkinci dəfə idi ÇL-in qrup mərhələsində idik. Bu il oyunların sayı çox oldu. Sonradan işimiz elə gətirdi ki, bu gün 22-ci komanda olduq. Bu, Azərbaycan futbolu üçün böyük nailiyyətdir”.

Teleqraf xəbər verir ki, bunu “Liverpul”la oyundan sonra Bakıya qayıdan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hava limanında jurnalistlərə açıqlamasında deyib.

“Elə səviyyədə komandalar qalıb ki, onları bir-birindən ayırmaq olmaz. Bəli, bu gün PSJ bizim üçün böyük ad kimi görünür, amma ümumən Premyer Liqa, ingilis klubları fərqlidir. Dünən oyunda da buna şahid olduq. “Liverpul” başqa bir səviyyədir. Sadəcə, dünən ola bilər ki, bir az eyforiyaya qapılmışdıq. Hansı xeyirlidirsə, o da olsun” - deyə Qurbanov potensial rəqiblərlə bağlı sualı cavablandırarkən deyib.

Qurbanov azarkeşlərə də təşəkkür etməyi unutmayıb: “Məğlub olduğumuz oyunlarda da azarkeşlərimiz yanımızda olub. Bu qalibiyyət, bu uğur onların haqqıdır. Bu gün də bir daha göstərdilər ki, yanımızdadılar. Biz onlar üçün meydana çıxırıq”.