Son topa qədər döyüşdülər: «Xilasedici» Çempionlar Liqasında tarix yazdı

  • Möhtəşəm geri dönüş, komandamız «Sportinq»i qızıl setdə diz çökdürdü

Azərbaycanın kişilərdən ibarət “Xilasedici” voleybol komandası CEV Çempionlar Liqasında uğurlu çıxışını davam etdirir.

Sherg.az xəbər verir ki, təmsilçimiz turnirin II təsnifat mərhələsinin cavab oyununda Portuqaliyanın “Sporting CP Lisboa” komandasını səfərdə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Lissabonda keçirilən qarşılaşma gərgin və əzmkar mübarizə şəraitində keçib. İlk oyunda Bakıda rəqibinə 2:3 hesabı ilə uduzan “Xilasedici” səfərdə eyni hesabla - 3:2 hesablı qələbə qazanaraq mərhələnin taleyini əlavə setə daşıyıb.

Həlledici qızıl setdə də üstün oyun nümayiş etdirən Azərbaycan klubu 15:13 hesabı ilə qalib gələrək CEV Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.

Qeyd edək ki, “Xilasedici” növbəti mərhələdə Sloveniyanın “ACH Volley Ljubljana” və Niderlandın “Orion Stars Doetinchem” komandaları arasında keçiriləcək qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.