Ukrayna və Rusiya futbolçuları arasında “söz atışması”: “Vicdanınız sızıldayacaq”

Ukraynalı futbolçu Vitali Mikolenkonun Rusiya millisinin üzvlərini sərt tənqid etməsinə cavab gecikməyib. 
Bu barədə "sherg.az" "cnnturk"ə istinadən xəbər verir. 
"Everton"un müdafiəçisi Mikolenko bildirib ki, rusiyalı oyunçular işğala çox sakit yanaşırlar.  O, İnstaqramda Rusiya millisinin hazırkı kapitanı, Sankt-Peterburqun "Zenit"inin hücumçusu Artyom Dzyubanı təhqiredici paylaşımda etiketləyib: “Ömrünüzün sonuna qədər və ən əsası isə övladlarınızın həyatı boyunca vicdanınız sızıldayacaq. Mən buna şadam”.

Dzyuba 22 yaşlı futbolçunu "Everton"da ölkəsindən uzaqda dəbdəbəli həyat tərzi keçirdiyini nəzərə alaraq, onu ikiüzlülükdə ittiham edib: "İngilis malikanələrində oturub xoşagəlməz sözlər söyləyən bəzi həmkarlarımıza:

 Bu, bizi incidə bilməz, biz hər şeyi başa düşürük! Mən rus olduğum üçün fəxr edirəm. Bu günə qədər Ukrayna hadisələri haqqında danışmaq istəmirdim. Müharibə dəhşətli şeydir. Bunun əleyhinəyəm. Mən insan nifrətinə də qarşıyam. İkili standartları görmək heç xoş deyil. 

Niyə hamı deyir ki, idman siyasətdən kənarda qalmalıdır, amma məsələ Rusiyaya gələndə bu prinsip tamamilə unudulur? Təhqir və təhdid yazan minlərlə insan sıraya girsin!".

Xanlar ƏLİBƏY