Azərbaycan nəqliyyatında yeni mərhələ başladı - İZAH

Şəhərlərarası avtobusların hərəkəti artıq real vaxtda izlənilə bilər

Avtovağzaldan sonra növbə hava limanı və dəmir yolunundur

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin iş qrafiki Gooqle Mars-a yüklənib artıq və sərnişinlər istədikləri zaman şəhərlərarası avtobusların hərəkət cədvəl ilə real vaxt rejimində tanış ola bilər. Bu barədə “Sherg.az” nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyevdən məlumat alıb. Mütəxəssis bildirib ki, bu addım sərnişinlər üçün faydalıdır: 

- Bakı Beynəlxalq Avtovağzal Kompleksinin real vaxt rejimində hərəkət cədvəlinin Google Maps-a inteqrasiyası səfər planlaşdırmasını asanlaşdırır, gözləmə vaxtlarını azaltmağa və marşrut seçimini daha rahat etməyə imkan verir. Bununla yanaşı, xəritədə marşrutların (trayektoriyaların) daha dəqiq göstərilməsi, dayanacaqların, platformaların və gediş-gəliş nöqtələrinin optimallaşdırılması da vacibdir. Bu, xüsusilə şəhərə ilk dəfə gələn və ya avtovağzaldan istifadə təcrübəsi az olan sərnişinlər üçün əhəmiyyət daşıyır. Oxşar həllərin Heydər Əliyev adına Beynəlxalq Hava Limanı tərəfindən də geniş tətbiqi hava nəqliyyatında səfər planlamasını daha rahat edə bilər. Real vaxtda uçuş məlumatları, terminallararası hərəkət, ictimai nəqliyyat əlaqələri və hava limanı daxilində naviqasiya imkanlarının xəritə xidmətləri ilə daha sıx inteqrasiyası sərnişin təcrübəsini yaxşılaşdırar.

Mütəxəssis qeyd edib ki, dəmir yolu sahəsində də müəyyən inteqrasiya işləri aparılıb və marşrutlar xəritədə görünür. Lakin bəzi hallarda trayektoriyalar tam dəqiq əks olunmur: 

- Azərbaycan Dəmir Yolları üzrə marşrutların, stansiyaların və hərəkət istiqamətlərinin daha dəqiq xəritələndirilməsi, qatarların real vaxt mövqeyi, gecikmələr və platforma məlumatlarının təqdim edilməsi multimodal səfər planlaşdırmasını daha da təkmilləşdirə bilər. Digər vacib məqam isə tarif məlumatlarıdır. Avtobus, dəmir yolu və hava nəqliyyatı üzrə qiymətlərin də Google Maps kimi platformalarda göstərilməsi sərnişinlərə alternativ marşrutları yalnız vaxt baxımından deyil, xərc baxımından da müqayisə etmək imkanı verər. Bu, daha məlumatlı seçim etməyə və ictimai nəqliyyatdan istifadənin cəlbediciliyini artırmağa kömək edər. 

R.Ağamirzəyev qeyd edib ki, nəqliyyat sisteminin rəqəmsallaşmasında əsas məqsəd təkcə cədvəlləri paylaşmaq deyil, sərnişinə “qapıdan-qapıya” fasiləsiz və real vaxt rejimində marşrut, vaxt, gecikmə, platforma və qiymət məlumatlarını təqdim etməkdir. Bu istiqamətdə avtovağzal, hava limanı və dəmir yolu arasında vahid məlumat ekosisteminin formalaşdırılması növbəti mərhələ ola bilər.