Yalama, Astara və Mincivan istiqamətlərində sərnişindaşımaların 2030-cu ilədək bərpa ediləcəyi, Bakı-Xankəndi marşrutunun da açılmasının planlaşdırıldığı bildirilir.
Bu barədə nəqliyyat və logistika məsələləri üzrə ekspert Rauf Ağamirzəyev məlumat verib. Mütəxəssis Sherg.az-a açıqlamasında ADY-nin 4 yeni elektrik qatarının alınması ilə bağlı oktyabrın 27-də müqavilə imzaladığını deyib və əlavə edib ki, qatarların 2 il ərzində təhvil veriləcəyi gözlənilir. Lakin burada dəqiqləşdirilməli məqam var:
- Elan edilən dörd istiqamətdən üçünün elektrikləşdirilməmiş xətlərdən keçdiyi halda, elektrik qatarları bu marşrutlarda necə istifadə olunacaq? Bu 4 istiqamətdən yalnız birində – Bakı-Yalama istiqamətində xətt tam elektrikləşdirilib, digərlərində isə qismən elektrikləşdirilib. Hərəkət tərkibi istiqamətlər üzrə fərqləndirilməli, elektrikləşdirilmiş xətlər üçün EMU (Electric Multiple Unit), elektrikləşdirilməmiş xətlər üçün isə DMU (Diesel Multiple Unit) qatarları nəzərdə tutulmalı deyilmi? Yaxşı olardı ki, ADY bu məqamlara aydınlıq gətirsin.