İrəvan Bakının yoluyla gedir: Ermənistanda Nəqliyyatın İdarəedilməsi Mərkəzi yaradılır

Bizim AYNA Ermənistanda da fəaliyyətə keçir. Əlbəttə, bu bir zarafatdır. Amma yarısı gerçək zarafat. Məsələ burasındadır ki, Ermənistanın paytaxtı, qədim türk yurdu İrəvanda Nəqliyyatın İdarəedilməsi Mərkəzi yaradılır. 

Bu haqda nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev məlumat verib. Ekspert “Sherg.az”a açıqlamasında işin mahiyyətini belə izah etdi: 



- Bakıda olduğu kimi, Tbilisidə də uzun müddətdir şəhər mobilliyində islahatlar həyata keçirilir. İndi Yerevanda da bu prosesə başlanır. Məlumatara görə, Ermənistan paytaxtında artan tıxaclar və avtomobilləşmə səviyyəsi şəhər rəhbərliyini yeni yanaşmalar tətbiq etməyə sövq edir. Yerevan meriyası nəqliyyat axınlarının rəqəmsal monitorinqi, ictimai nəqliyyat üçün ayrılmış zolaqların genişləndirilməsi, şəhər girişlərində park-et-davam et (Park&Ride) sisteminin yaradılması və şəxsi avtomobillərin istifadəsinə müəyyən məhdudiyyətlərin tətbiqini nəzərdən keçirir. Xüsusilə diqqət çəkən məqam Nəqliyyatın İdarə Edilməsi Mərkəzinin yaradılmasıdır. Mərkəz şəhərə daxil olan nəqliyyat vasitələrinin hərəkətini təhlil edir və əldə olunan məlumatlar əsasında gələcək nəqliyyat siyasətini formalaşdırır. Yerevan rəhbərliyi hesab edir ki, yalnız yeni avtobusların alınması və ya yol infrastrukturunun genişləndirilməsi tıxac problemini həll etmir. Şəhərdə ictimai nəqliyyatın prioritetləşdirilməsi, avtobus zolaqlarının artırılması və metro şəbəkəsinin genişləndirilməsi əsas həll istiqamətləri kimi müəyyənləşdirilib. İlkin araşdırmaların nəticələrinin 2026-cı ilin payızında açıqlanması, əsas islahatların isə 2027-ci ildən başlanması planlaşdırılır. Bu yanaşma bir daha göstərir ki, müasir şəhərlərdə mobillik siyasəti intuitiv qərarlardan deyil, məlumatlara əsaslanan planlaşdırmadan başlayır.