- Böyük Şor yolu boş qalıb, vətəndaşlar isə əziyyət çəkir
Yayın istisində insanlar icitmai nəqliyyat sarıdan əziyyət çəkir. Xüsusən də bağ massivlərinə gedənlər. Məsələ burasındadır ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən hərəkət edən avtobusların yolu çox uzaqdır. Yəni bağ massivləri ilə NMM arasındakı məsafə.
Qazanc yolunu yaxşı bilən sürücülər də fürsəti fövtə verməyib kiçik tutumlu avtobuslarla səfər təklif edir, insanlar da mənzil başına tez çatmaq üçün bu imkandan yararlanır. 
Bu barədə professor, memarlıq üzrə elmlər doktoru Elçin Əliyev məlumat verib. E.Əliyev qeyd edir ki, «Koroğlu» metrostansiyasından Nardarandakı bağ evinə qəzalı vəziyyətdə olan özəl mikroavtobusla, həm də yüksək sürətlə gedib:
- Əslində, çox rahatdır: adambaşına 2 manat ödəyirsən və yeni Böyükşor yolu ilə cəmi 15–20 dəqiqəyə, heç bir sonsuz dolanbac olmadan səni təyinat yerinə çatdırırlar. Dövlətin təklif etdiyi alternativ isə ən qızmar istidə Abşeronun qəsəbələri ilə dolana-dolana hərəkət edən və yola azı bir saat yarım sərf edən avtobusdur.
E.Əliyev qeyd edir ki, lakin, bu mikroavtobuslar hər nə qədər sürətli hərəkət etsə də, təhlükəlidir. Avtomobilin yük maşınından sərnişin mikroavtobusuna çevrildiyi açıq-aydın görünür. Köhnəlmiş «Buxanka»nın sürücüsü isə yalnız nbunu düşünür ki, sərnişinləri mümkün qədər tez düşürüb növbəti reys üçün geri qayıtsın.
Bəs alternativ nədir? Sherg.az- a açıqlamasında E.Əliyev bildirdi ki, Böyük Şor gölü üzərindən çəkilmiş yeni yol Bakıətrafı qəsəbələr, Bakı kəndləri ilə ən qısa məsafəni təmin edən yoldur və çox rahatdır. Bu yolun avtobus marşrutlarına daxil edilməməsi sual doğurur: 
- AYNA, Fəvvarələr meydanında marşrutun məsafəsi cəmi 500 metr olan, heç kimin ehtiyac duymadığı ödənişsiz avtobusları işə salmaq əvəzinə, bağ evlərinə gedən on minlərlə vətəndaşı düşünsə və sürətli, müasir mikroavtobuslarla rəsmi marşrutlar təşkil etsə, daha məqsədəuyğun olar, vətəndaşlar da bu isti günlərdə yollarda əziyyət çəkməzlər. Xüsusilə də artıq Böyük Şor gölünün üzərindən keçən, məsafəni xeyli qısaldan yeni və rahat yol çoxdan istifadəyə verilib. Amma bu yolla hələ də heç bir rəsmi marşrut işləmir. Burada lisenziyalı ekspress mikroavtobusların, aydın hərəkət cədvəlinin, nəqliyyat vasitələrinin texniki vəziyyətinə ciddi nəzarətin və təhlükəsizlik tələblərinin tətbiqi qat-qat faydalı olardı. Amma dövlət qurumu səssizcə müşahidə edir ki, «Köroğlu» metro stansiyasının qarşısındakı meydança qeyri-rəsmi avtovağzala çevrilib. Metrodan çıxan kimi saysız-hesabsız qanunsuz sərnişindaşıyanlar, sərnişin cəlb etmək üçün bir-birini üstələyən sürücülər, çörək pullarını təmin etməyə çalışan insanların sırasının arasından keçməli olursan. Antisanitariya hökm sürür, bir dənə də olsun istiqamət göstəricisi, marşrut sxemi və ya son dayanacaqları göstərən məlumat lövhəsi yoxdur. Elə təəssürat yaranır ki, bu xaosu sadəcə qəsdən görməzliyə vururlar. Amma əgər hər gün minlərlə insan bu özəl marşrutlardan istifadə edirsə, deməli, problem həqiqətən mövcuddur. AYNA-nın buna göz yummaq deyil, təhlükəsiz, mədəni və qanuni həll yolu təklif etməkdir. Hələlik isə belə görünür ki, mövcud vəziyyət kimlərisə tamamilə qane edir.