Səki təmiri var, amma rahatlıq yoxdur, mütəxəssis Bakıdakı əsas problemə toxunub
Paytaxtımızda tikinti-təmir işləri axarıncıdır. İşlər bitmək bilmir. Bir bina sökülür, yerindı digəri tikilir, bir yol təmir olunur, ertəsi gün bir başqası təmirə bağlanır. Təmir-tikinti yaxşıdır, amma qaydasında. Tikintilərlə bağlı ən çox narazlıq isə tikinti şirkətləri tərəfindən ərazinin hasara alınaraq səkilərin zəbt edilməsidir. Belə vəziyyətdə piyadalar məcburən yolun hərəkət hissəsi ilə addımlayır, bununla da həyatları təhlükə altında qalır. 
Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında bu məsələyə toxunaraq qeyd etdi ki, küçə və səkilərin təmiri, əlbəttə, müsbət haldır, lakin piyadaların rahatlığı və təhlükəsizliyi vacibdir: 
- Heydər Əliyev prospektinin, eləcə də Şixəli Qurbanov və Zivər Əhmədbəyov küçələrinin bəzi hissələrində səki örtüyünün yenilənməsi işləri aparılır. Buna şahid olmuşam. Bu, əlbəttə ki, müsbət haldır. Piyada infrastrukturuna investisiya şəhər həyatının keyfiyyətini artıran vacib addımlardandır. Amma sual yaranır ki, niyə bu işlər fraqmental şəkildə həyata keçirilir? Küçənin yalnız müəyyən hissəsi yenilənir, qalan hissəsi isə əvvəlki vəziyyətdə qalır. Küçə və prospektlər piyada marşrutu kimi bütöv şəkildə, hər iki istiqamətdə təmir olunmalıdır. Piyada üçün əsas məsələ, 100-200 metrlik yaxşı səki deyil, mənzilindən təyinat nöqtəsinə qədər rahat, təhlükəsiz və fasiləsiz hərəkət edə bilməsidir. Marşrutun bir hissəsinin ideal, digər hissəsinin isə yararsız olması ümumi rahatlığı təmin etmir. Şəhərsalma baxımından daha düzgün yanaşma küçə və prospektlərin kompleks şəkildə yenilənməsi, səki örtüyü ilə yanaşı bardürlərin, pandusların, piyada keçidlərinə çıxışların və dayanacaq ətrafının da vahid layihə çərçivəsində həll edilməsidir. Ümid edirəm ki, görülən işlər növbəti mərhələlərdə davam etdiriləcək və paytaxtın əsas küçələrində piyada infrastrukturu ayrı-ayrı hissələr üzrə deyil, bütöv marşrut prinsipi əsasında formalaşdırılacaq.
Mütəxəssis bildirdi ki, səkilər giriş və çıxış hissədə təmirə bağlanırsa, piyadalar üçün alternativ səki yaradılmalıdır. Təmir getdiyi müddətdə, bu, müddət uzun zaman da apara bilir, alternativ səki yaradılmalıdır ki piyada həyatını təhlükəyə atıb yolun hərəkət hissə ilə addımlamalı olmasın.