Səki örtüyündə təhlükəsizlik estetikadan daha vacibdir - Ekspert

  • Rauf Ağamirzəyev: “Təhlükəsiz səki həm insan həyatını, həm də büdcəni qoruyur”

Şəhərimizdə səkilər, park və əyləncə məkanlarının döşəməsi yalnız yağışlı, qarlı havalarda deyil, adi, yağıntısız havalarda da sürüşkən, təhlükəli və qeyri-piyada yönümlüdür. Fiziki məhdudiyyətli insanlar, yaşlılar və uşaqların rahat hərəkəti üçün uyğunsuz ərazilər çoxdur. Buna səbəb səkilərə, park ərazilərinə və meydançalara sürüşkən səthə malik plitələrin düzülməsidir. Yadınızdadırsa, bir neçə il əvvəl təmir edilən metro stansiyalarının platformalarına və vestibüllərinə də sürüşkən plitələr düzülmüşdü.

Sərnişinlər şikayət edirdi ki, döşəmə sürüşkəndir. Sonra bəzi stansiyalarda daşların üzəri işləndi və sürüşkənlik aradan qaldırıldı. Paytaxtın üstündə isə addımlamaq hələ də çətindir və təhlükəlidir. Vaxt vardı, deyirdilər ki, sürüşkən plitələri ölkəyə Hacıbala Abutalıbov gətizdirir, ya da onlar burada onun nəzarətində, səlahiyyətində olan müəssisədə istehsal olunur. Hacıbala Abutalıbov çoxdan arxivə “köçürülüb”. Bəs sürüşkən plitələr niyə qalır?

Bu arada Çin ölkəsi səkilərin piyadalar üçün rahatlığını təmin etmək məqsədilə daha bir yeniliyə imza atıb. Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyevin paylaşdığı məlumata görə, Çində səki daşlarının üzəri xüsusi qurğu vasitəsilə yandırılır. Qurğudan çıxan alov plitələrin səthindəki tozu, incə təbəqəni yox edir, plitələrin sürüşkənliyi itir, əvəzində gözlə ayırd edilə bilən zolaqlar əmələ gəlir. Həm də azacıq kələ-kötür effekt yaranır ki, bu da sürüşmənin qarşısını alır.

R. Ağamirzəyev “Sherg.az”a açıqlamasında bildirdi ki, səki örtüyündə təhlükəsizlik estetikadan daha vacibdir:

Bir çox şəhərlərdə səki üçün istifadə olunan mərmər və qranitin səthi ona görə yandırılır ki, cilalanmış mərmər və qranit yaş, qarlı və buzlu havalarda sürüşkən olur. Buna görə də səthin yandırılmış (flamed) emalı tətbiq edilir. Yüksək temperatur nəticəsində daşın səthi kobudlaşır, sürtünmə əmsalı artır və piyadaların sürüşmə riski əhəmiyyətli dərəcədə azalır. Bu yanaşma yağışlı, qarlı və buzlu havalarda təhlükəsizliyi artırır, yaşlılar, uşaqlar və əlilliyi olan şəxslər üçün daha təhlükəsiz hərəkət mühiti yaradır, yıxılma nəticəsində baş verən xəsarət və sınıqların sayını azaldaraq ictimai səhiyyə sisteminin yükünün azalmasına töhfə verir, müalicə, reabilitasiya və sosial xərclərin azalmasına müsbət təsir göstərir, şəhər mühitinin daha əlçatan və dayanıqlı olmasını təmin edir.

R. Ağamirzəyevin fikrincə, keyfiyyətli şəhər infrastrukturu təkcə estetik görünüş deyil, həm də insanların sağlamlığını qoruyan və cəmiyyət üçün uzunmüddətli iqtisadi fayda yaradan bir investisiyadır.