Türkiyə-Suriya Təbii Qaz Boru xəttinin açılış mərasimi keçirilir.
Teleqraf-ın Türkiyənin Kilis şəhərinə ezam olunan əməkdaşının verdiyi məlumata görə, açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Qətər İnkişaf Fondunun prezidenti Fahad Hamad Al-Sulaiti, Suriyanın energetika naziri Məhəmməd Əlbəşir və Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar iştirak edir.
Açılış mərasimində ilk çıxışı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov edib. O, kəmərin istifadəyə verilməsinin birgə əməkdaşlığın nəticəsi olduğunu bildirib: "Suriya özünün bərpa prosesinə addım atır. Azərbaycan və Türkiyə bu prosesə töhfə verir".
Nazir Azərbaycan qazının tarıxdə ilk dəfə Yaxın Şərqə ixrac ediləcəyini qeyd edib: "Qaz sazişi Azərbaycan ilə Suriyanın keçid dövrü hökuməti arasında bir neçə aylıq strateji dialoqdan sonra baş tutub. Bu müddətdə Prezident İlham Əliyev ilə Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa arasında aprel ayında Antalyada, daha sonra isə ötən ay Bakıda olmaqla iki görüş keçirilib. Bu təmaslar artıq Bakı ilə Dəməşq arasında yeni əməkdaşlıq mərhələsinin – dialoqdan strateji tərəfdaşlığa keçidin – təməlini qoydu. Bu tərəfdaşlığın mərkəzində isə enerji dayanır. İlkin təmaslardan sonra Azərbaycan keçid dövründə Suriyanın ərazi bütövlüyünə və suverenliyinə dəstək nümayiş etdirdi. May ayında Prezident İlham Əliyev Baş nazirin müavini Samir Şərifovu Dəməşqə ezam edərək bərpa, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırdı. İndi isə qaz axını həmin dialoqun ilk real nəticəsidir və Azərbaycanın post-münaqişə sabitləşdirmə proseslərində daha geniş rol oynamaq niyyətini göstərir".
Hazırda Azərbaycan qazı 12 Avropa ölkəsinə çatdırılır. Lakin Türkiyə üzərindən Suriyaya olan bu yeni marşrut Azərbaycanın Yaxın Şərqə ilk aktiv boru kəməri çıxışıdır və Bakı üçün ixrac coğrafiyasında dönüş nöqtəsi sayılır.
Bu həm də enerji bazarlarının şaxələndirilməsi istiqamətində atılan addımdır".
Qeyd edək ki, boru xətti ilə gündəlik 3,4 milyon kubmetr qazın ötürülməsi planlaşdırılır. Suriyanın Energetika Nazirliyinin Korporativ əlaqələr şöbəsinin rəhbəri Əhməd Süleymaninin mediaya açıqlamasına görə, Türkiyə üzərindən Suriyaya çatdırılan Azərbaycan qazı ölkədə elektrik enerjisi istehsalını artıracaq.
Belə ki, tədarük edilən həcm Hələbdəki təbii qaz stansiyasında elektrik istehsalı məqsədilə istifadə olunacaq. Stansiyanın1200 meqavat elektrik istehsal edəcəyi proqnozlaşdırılır. Bununla da, hazırda Suriyada istehsal olunan elektrik miqdarı təxminən iki dəfə artırılacaq. Suriyada günlük 3-4 saat davam edən elektrik təchizatı bu istehsalla 10 saata qədər qaldırılacaq.
Elektrik dəstəyi yalnız təbii qazla məhdudlaşmır. Türkiyə Suriyanın şimalına elektrik ixracatını da artırmağı planlaşdırır. Mövcud xətlərlə Suriyaya 280 meqavat elektrik enerjisinin verilməsi nəzərdə tutulur.