Ekspert: Dini turizmdən milyonlarla gəlir əldə edə bilərik 

Orta Asiya zəvvarları Azərbaycana maraq göstərir, biz isə hələ marşrut yaratmamışıq
“Müqəddəs məkanlarımız turizm xəritəsinə salınsa, Həcc və Ümrə zəvvarları yolüstü Azərbaycana gələcək”
Turizmin bir seqmenti olan dini turizm dünyada geniş yayılıb. Müxtəlif dinlərə ibadət edən insanlar inanc mənbələrinin, tarixi abidələrin, ziyarətgahların qorunmasına, məşhurlaşmasına, daha çox insanı öz inanclarına cəlb etməyə çalışırlar. Tarixən həmişə belə olub. İstər sonuncu səmavi din islam olsun, istərsə də ondan əvvəl gələn dinlər, hər birinə məxsus müqəddəs məkanlar vardır ki, iman gətirənlər onları ziyarət etməyi özünə  mənəvi borc bilir. Bundan böyük qazanc, gəlir əldə edən ölkələr də var. Məlum məsələdir, Səudiyyə Ərəbistanı ilk ibadət evi Kəbənin yerləşdiyi və islam peyğəmbəri Həzrəti Muhəmmədin anadan olduğu, peyğəmbərlik məqamına yüksəldiyi Məkkəyə, sonra hicrət etdiyi və orada yaşayıb Haqqın dərgahına qovuşduğu müqəddəs şəhər Mədinəyə sahibdir. İslam coğrafiyasındakı müqəddəs, mübarək sayılan məkanları sadalamağa qalxsaq, uzun bir siyahı alınar. Qısaca deyək ki, qardaş Türkiyə, Orta Asiya, İran, İraq (bir neçə il əvvələ kimi Suriya da) ərazisində olduğu müqəddəs məkanları turizm və ya səfər marşrutuna daxil etməklə dini turizmdən indi də gəlir əldə edir. Ölkəmizdə də müqəddəs sayılan məkanlar  var. Lakin onlar turizm marşrutlarına daxil edilmir. Bu günlərdə Qazaxıstan və Özbəkistandan ölkəmizə işgüzar səfərə gəlmiş qonaqlar Bibiheybət məscidini ziyarət etmək istəyib və onlara bu imkan  yaradılıb. Bu haqda nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev sosial şəbəkədə paylaşım edib. Qeyd edib ki, Qazaxıstan və Özbəkistandan gələn qonaqlarla birlikdə Bibiheybət məscidini ziyarət edib: “Mərkəzi Asiyada səkkizinci imam Əli ər-Rzaya böyük hörmət var və qonaqlar onun bacısı Həkimə xanımın məhz burada dəfn olunduğunu öyrənəndə ziyarət etmək istədilər. Təsadüfən, həmin gün Həkimə xanımın şəhadət günü idi. Məscid nümayəndələri qonaqlara dini kitablar hədiyyə etdilər. Bu ziyarət göstərdi ki, Mərkəzi Asiyadan Bakıya gələn turistlər üçün dini turizmin təşviqi və bu istiqamətdə məqsədyönlü təbliğat işlərinin aparılması böyük potensiala malikdir”.
Bibiheybət məscidi xalqımızın müqəddəs bilib, daim hörmət və ehtiramla yanaşdığı ziyarətgahdır. Bu məscid-ziyarətgahda İmam Rza əleyhissalamın bacısı, İmam Museyi-Kazımın (ə) övladlarından biri Xanım Həkimənin (ə) məzarı yerləşir. Paytaxta giriş-çıxışda yerləşən bu məscid sovet hakimiyyətinin ilk illərində yerlə-yeksan edilib, lakin sonradan bərpa edilib. Bibiheybət məscidi XIII əsrdə Şirvanşah II Fərruxzad ibn Axsitan tərəfindən inşa etdirilib. 1281-1282-ci illərdə tikilən məscidin divarındakı tarixi kitabələrdə onun memarının Mahmud ibn Sədi olduğu qeyd edilir. Xanım Həkimənin taleyi və məscidin tarixi barədə diqqətçəkən məlumatlar var. Ehtiramı yüksək olan digər ziyarətgah Nardaran qəsəbəsindəki “Rəhimə xanım ziyarətgahı”dır ki, ona Nardaran piri və ya Pirsəid məscidi də deyilir. Bu memarlıq abidəsi XIV əsrə aid edilir. Rəhimə xanım da İmam Museyi-Kazımın (ə) qızı, İmam Rzanın (ə) və Xanım Həkimənin bacısı olub. Xanım Rəhimənin (ə) adı ilə bağlıdır. Rəhimə xanımın (ə) Harun ər-Rəşid və xəlifə Məmunun dövründə Azərbaycana pənah gətirdiyi bildirilir. Maraqlıdır ki, Rəhimə xanım və onun ailə üzvlərinin qəbirləri üzərində tikilmiş məscid binası əsrlər boyu qum altında qalmış, yalnız 1950-ci ildə tapılaraq qum altından çıxarılıb. Nardaran pirinin də ilginc tarixi var və bu da turistlır üçün maraq kəsb edə bilər.  
Ölkə ərazisində müqəddəs sayılan məkanlar, əlbəttə, bunlarla yekunlaşmır. Buzovna qəsəbəsində "Əli ayağı" məscid-ziyarətgah kompleksi, Siyəzən rayonunda Beşbarmaq dağı əfsanəvi xüsusiyyətləri və müqəddəsliyi ilə tanınan məkanlardır. Beşbarmaq dağı dəniz səviyyəsindən 382 metr yüksəklikdə olan bu dağın zirvəsindəki qayaların beş barmağı xatırlatmasına görə Beşbarmaq adı verilmişdir. Bu dağ dini ziyarətgah olmaqla, həm də "dirilik suyu" axtaran Xıdır peyğəmbərin yaşadığı yer hesab olunur və ornitoloji turizm üçün də əhəmiyyətlidir. Regionlarda bu tip müqəddəs məkanlara çox raast gəlmək olar və bütün bu yerlər əcnəbi turistlər, o cümlədən inanclı insanlar üçün də maraq kəsb edə bilər. 
Bəs biz niyə bu imkanlardan yararlanmırıq?
 Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov Sherg.az-a açıqlamasında qeyd etdi ki, turizm ən gəlirli sahələrdən biri hesab edilir və dünyada bunun bir çox formaları - sağlamlıq, təbiət, macəra, mədəni, qastronomiya, eko-turizm, çimərlik turizmi və sair vardır: 
- Dini turizm də bir seqmentdir. Dini turizmə maraq göstərənlər heç də az deyl. Onun da öz müştəriləri, sevənləri var. Ölkələr var ki, sırf dini turizmlə məşğuldur. Və bundan külli miqdarda gəlir əldə edirlər. Bir halda ki, ölkəmizdə islam dininə mənsub insanları maraqlandıracaq, onların ziyarət etmək istədiyi məkanlar var, niyə də dini turizm marşrutları təşkil edilməsin?! İslam dininə mənsub insanlar üçün bu maraqlıdır. Görünən budur ki, Orta Asiyadan bu mənada ölkəmizə maraq var. Bilirsiz ki, Orta Asiyada islamın təməlləri tarixən möhkəm olub, islam alimlərinin yetişdiyi bir coğrafiyadır, tarixi abidələr, məscid-mədrəsələrlə zəngin yerlərdir. Demək, onları Azərbaycandakı ziyarətgahlar maraqlandırır, diqqətlərini çəkir. Azərbaycan belə bir marağı təmin etmək potensialına malikdir. Məsələn, illər əvvəl Hindistandan Azərbaycana məhz Atəşgah kompleksini görməyə gəlirdilər. Digər dinlərə mənsub olanlar da özlərinə məxsus yerləri görməyə maraq göstərir. Bildiyim qədər bir neçə il əvvəl İndoneziyadan belə təklif gəlmişdi, dini ibadət yerlərinin ziyarət edilməsi üçün. İndoneziya böyük ölkədir, əhalisi əsasən müsəlmanlardır. Bunları nəzərə alaraq bizdə dini turizmi inkişaf etdirmək, ibadət məkanlarını turist marşrutlarına daxil etmək olar. 
C.Aşurov bildirdi ki, Məkkə-Mədinə ziyarətləri zamanı zəvvarların yolüstü digər müqəddəs məkanları da ziyarət etmək ənənəsi var: 
- Ziyarətdən dönərkən zəvvarlar yol üstündəki dini dəyər daşıyan digər məkanları da ziyarət edirlər. Məsələn, qardaş Türkiyədə İbrahim əleyhissalamın adıyla bağlı olan “Balıqlı göl” müqəddəs ziyarətgahlardan sayılır. Zəvvarlar oranı ziyarət edir. İmkan yarandıqda zəvvarlar İstanbulda Eyyub sultan camisini ziyarət edir, islam peyğəmbərinin yaxın sahəbəsinin xatirəsini ehtiramla yad edirlər. Bu tip marşrutlardan istifadə edilir. Mərkəzi Asiya, cənub-şərqi Asiya ölkələrindən Azərbaycanla bağlı belə təkliflər edilib. Müqəddəs məkanların ziyarət edilməsi istənilir. Mümkündür ki, Həcc və ya Ümrədən qayıdarkən bu ölkələrin zəvvarları Azərbaycandakı ziyarətgahları da ziyarət etsinlər. Sadəcə, qiymətlər münasib olmalıdır ki, turizm, səyahət şirkətləri razılaşa bilsin. Hesab edirəm ki, dini turizm təşkil edilərsə, ümumən turizm sektoruna müsbət faydası olar.