Orta və aşağı büdcəli turistlər prioritet olmalıdır
Bu ilin ilk 7 ayında körfəz ölkələrindən Azərbaycana gələnlərin sayı 8,3 faiz azalıb. Həmin müddətdə Ərəb dövlətlərindən ölkəmizə 237 min 400 nəfər gəlib. Körfəzdən Azərbaycana ən çox turist göndərən ölkə Səudiyyə Ərəbistanıdır. Bu ölkədən həmin müddətdə 62 min 71 nəfər gəlib. 26 min 602 nəfər isə Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları olublar. Küveytli turistlərin sayı 14 min 779 nəfər olub.
Həmin müddətdə Azərbaycana gələn turistlərin sayı 1.7 faiz azalaraq 1 milyon 477 min nəfər olub. Körfəz və MBD dövlətlərindən gələnlərin sayının azalması ümumi saya təsirsiz ötüşməyib. Eyni zamanda, Hindistandan gələn turistlərin sayı da ümumi turizm payında azalmaqdadır.
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, ərəb dövlətlərindən gələn ziyarətçilərin sayının azalması fonunda turizm strukturunda baş verən dəyişikliklər təsdiq edir ki, yeni gəlmə destinasiyalar ilə daha sıx əməkdaşlıq qurulmasına ehtiyac var: “Strareji tərəfdaşlığımız olan dövlətlər ilə, xüsusən də Çin ilə turizm sahəsində güclü əməkdaşlıq aktualdır. Çinin böyük getmə turizm potensialının olmasına baxmayaraq, hələ də həmin ölkədən gələn turistlərin sayı ümumi əcnəbilərin cəmi 2.3 faizini təşkil edir. Halbuki, potensial və imkanlar daha böyükdür. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. Daha qısa zamanda prepandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır. Gəlmə turistlərin sayının azalması isə yeni çağırışları daha da aktuallaşdırır”.
İqtisadçı Rauf Qarayev Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycanda turizmin inkişafı üçün ilk növbədə qiymət siyasətində balans yaradılmalıdır:
“Sadələşdirilmiş viza rejimi və bəzi ölkələrlə vizaların ləğvi müsbət addımdır. Amma turizmdə real artım üçün yalnız Bakı yox, bölgələrdəki beynəlxalq hava limanlarının da tam gücü ilə işləməsi vacibdir. Xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da aeroportda vizanın birbaşa verilməsi təcrübəsi tətbiq olunsa, bu, turistlərin sayına əhəmiyyətli təsir edər.
Digər tərəfdən, hökumət daha çox lüks və elitar turizm modelinə üstünlük verir, hər yerdə beşulduzlu hotellər tikilir. Halbuki müasir turist bir gecəyə 200-300 dollar ödəmək istəmir. Orta və aşağı büdcəli turistlərin cəlbinə üstünlük verilməlidir. Əks halda, potensial turistlər regionu seçməkdə tərəddüd edəcəklər.
Nəzərə almaq lazımdır ki, turizm enerji sektorundan sonra Azərbaycanın ən çox valyuta gətirən sahəsidir. Ona görə də ölkəyə əlçatanlığı artırmaq, qiymətləri isə daha uyğun səviyyəyə gətirmək lazımdır. Həm hotellərdə, həm də bölgələrdə qiymət siyasəti yenidən düşünülməlidir. Çünki bu gün regionlarda ən sadə yeməklər, məsələn, qutab əcnəbilərə 20-30 manata təklif olunur. Belə yanaşma isə turistin bir daha ora qayıtmaq istəklərini azaldır. Əsas məqsəd birdəfəlik yüksək gəlir yox, davamlı qazanc və turistlərin uzunmüddətli axını olmalıdır”.