Putin Zelenskiyə elə bir mesaj verdi ki… - YA DAVAM, YA TAMAM - ANALİZ

Rusiya Prezidentinin açıqlaması diplomatik prosesin son mərhələyə yaxınlaşdığı hissini yaradır

"Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş danışıqlar xatirinə keçirilməməlidir, son nöqtə olmalıdır".

Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Ukrayna tərəfi, cənab Zelenski, şəxsi görüş keçirməyə hazırdır. Bu tədbirdə iştirak etmək və ya nəyisə imzalamaq danışıqlar naminə olmamalıdır. Bu, son nöqtə olmalıdır”, - deyə Putin jurnalistlərlə görüşdə bildirib.

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna lideri Volodimir Zelenski ilə bağlı son açıqlaması Moskva-Kiyev xəttində diplomatik ritorikanın yenidən sərtləşdiyini göstərir. Putin görüşün "danışıqlar üçün formal addım” deyil, "son nöqtə” olmalı olduğunu vurğulamaqla, prosesə taktiki deyil, strateji və yekun nəticə çərçivəsindən yanaşdığını nümayiş etdirib.

Bu bəyanatın əsas siyasi mesajı ondan ibarətdir ki, Rusiya tərəfi mümkün görüşü kompromis axtarışı mərhələsi kimi deyil, artıq hazırlanmış şərtlərin rəsmiləşdirilməsi platforması kimi görmək istəyir. Bu isə diplomatik prosesin klassik “razılaşma axtarışı” modelindən uzaqlaşaraq, daha çox ultimatum xarakterli yanaşmaya yaxınlaşdığını göstərir.

Hazırkı mərhələdə Moskva və Kiyev arasında danışıqların məzmunu ilə yanaşı, formatı da əsas mübahisə mövzusudur. Ukrayna tərəfi üçün görüşlər daha çox beynəlxalq vasitəçilik və mərhələli razılaşma mexanizmi kimi qəbul edilir. Rusiya isə nəticə yönümlü, yekun sənəd və şərtlərin təsdiqi formatına üstünlük verir.

Bu fərq, tərəflərin danışıqlar anlayışını belə fərqli şərh etdiyini göstərir. Nəticədə, mümkün liderlər görüşü həm diplomatik dönüş nöqtəsi, həm də siyasi gərginliyin pik mərhələsi ola bilər.

Beləliklə bu açıqlamadan sonra mümkün ssenarilər və proqnozları belə dəyərləndirmək olar.

Ən optimist ssenari - əgər beynəlxalq təzyiq və vasitəçilik güclənərsə, görüş simvolik olsa belə, ilkin atəşkəs və humanitar razılaşmalar üçün platformaya çevrilə bilər. Bu halda görüş "son nöqtə” yox, əksinə yeni mərhələnin başlanğıcı olacaq.

Digır bir ssenari o ola bilər ki, tərəflər görüşə razı olsa da, real siyasi razılaşma əldə olunmadan proses yenidən "dondurulmuş danışıqlar” mərhələsinə qayıdır. Bu halda görüş daha çox siyasi mesaj xarakteri daşıyacaq.

Nəhayyət ən pessimist ssenari odur ki, əgər tərəflərin mövqeləri dəyişməz qalarsa, görüş ümumiyyətlə baş tutmayacaq və ya baş tutsa belə, nəticəsiz qalaraq gərginliyi daha da artacaq. Bu isə münaqişənin uzanması riskini gücləndirir.

Nəticə olaraq Putinin açıqlaması hazırkı diplomatik mərhələnin həlledici, lakin eyni zamanda riskli olduğunu göstərir. "Son nöqtə” ifadəsi danışıqların bitməsi deyil, onların formatının sərtləşməsi kimi də oxuna bilər. Nəticə isə birbaşa tərəflərin kompromisə nə dərəcədə hazır olmasından və beynəlxalq təzyiqlərin istiqamətindən asılı olacaq.