Post-neft modelinə keçid başlayıb - İqtisadçı

  • Azərbaycanın qeyri-neft sektoru sürətli artım mərhələsindədir

Son illərdə Azərbaycan iqtisadiyyatında müşahidə olunan ən mühüm dəyişikliklərdən biri qeyri-neft-qaz sektorunun rolunun əhəmiyyətli dərəcədə artmasıdır. Uzun illər ölkə iqtisadiyyatının əsas gəlir mənbəyi kimi çıxış edən neft-qaz sektoru hələ də strateji əhəmiyyətini qorusa da, iqtisadi siyasətin prioritetləri artıq daha çox şaxələndirmə, dayanıqlı inkişaf və qeyri-neft sahələrinin gücləndirilməsi üzərində qurulur. Bu istiqamətdə həyata keçirilən islahatlar və dövlət dəstəyi mexanizmləri nəticəsində qeyri-neft-qaz sektoru tədricən Azərbaycanın iqtisadi inkişafının əsas dayaq sütununa çevrilməkdədir.

Statistik göstəricilər də bu tendensiyanın təsadüfi deyil, sistemli siyasətin nəticəsi olduğunu göstərir. Əgər 2024-cü ildə qeyri-neft-qaz sektorunun ümumi daxili məhsuldakı payı təxminən 68 faiz təşkil edirdisə, 2025-ci ildə bu göstərici 70 faizə qədər yüksəlmişdi. Mövcud situasiyada isə 2026-cı ildə qeyri-neft sektorunun ÜDM-də payının 75 faizə yaxınlaşacağı gözləniləndir. Bu dinamika da onu göstərir ki, iqtisadi artımın əsas mənbəyi artıq enerji sektoru deyil, daha çox istehsal, xidmət, kənd təsərrüfatı, logistika və digər qeyri-neft sahələri hesabına formalaşır.

İqtisadçı Əli Səlimov Sherg.az-a bildirib ki, beynəlxalq enerji bazarlarında qiymət dəyişkənliyinin və hasilat məhdudiyyətlərnini neft-qaz sektorunda müəyyən daralmalara səbəb olunmasına baxmayaraq, qeyri-neft sektoru artım tempini qorumağa davam edir. 2026-cı ilin ilk beş ayının nəticələrinin bunu bir daha təsdiqlədiyini vurğulayan iqtisadçı qeyd edib ki, yanvar-may aylarında qeyri-neft-qaz ÜDM-i 0,4 faiz, qeyri-neft sənayesi isə 5,8 faiz artım nümayiş etdirib:

“İl üzrə qeyri-neft-qaz sektorunda yaradılan əlavə dəyərin 101,7 milyard manata çatacağı və təxminən 5 faiz artacağı da gözləniləndir. Bu göstəricilər iqtisadiyyatın struktur transformasiyasının davam etdiyini göstərir. Qeyri-neft sektorunun inkişafında ixrac potensialının genişlənməsi xüsusi əhəmiyyət daşıyır. Son illərdə Azərbaycanın xarici ticarət siyasətində əsas məqsədlərdən biri qeyri-neft məhsullarının beynəlxalq bazarlardakı mövqeyini gücləndirməkdir. 2025-ci ildə qeyri-neft ixracının həcmi 3,6 milyard ABŞ dollarına çataraq əvvəlki illə müqayisədə 8,1 faiz artıb. Eyni dövrdə kənd təsərrüfatı və aqrar-sənaye məhsullarının ixracında 18,9 faizlik artım qeydə alınıb. Meyvə-tərəvəz məhsulları, şəkər, pambıq, alüminium və kimya sənayesi məhsulları qeyri-neft ixracının əsas istiqamətlərini təşkil edir.

Qeyri-neft ixracının genişləndirilməsi istiqamətində dövlət tərəfindən qəbul edilən yeni qərarlar bu siyasətin daha uzunmüddətli və sistemli xarakter aldığını göstərir. Xüsusilə 2026-cı ilin iyun ayında imzalanmış iki mühüm fərman sahibkarların ixrac fəaliyyətinin təşviqinə yönəlmiş əhəmiyyətli addımlar hesab edilməlidir.

9 iyun 2026-cı il tarixli fərmana əsasən, ixrac məhsullarının daşınması ilə bağlı xərclərin 50-70 faizinin dövlət tərəfindən kompensasiya edilməsi nəzərdə tutulur. Bu mexanizm xüsusilə Naxçıvan Muxtar Respublikasından ölkənin digər bölgələrinə daşınan məhsullar üçün mühüm əhəmiyyət daşıyır. Naxçıvanın coğrafi mövqeyi və uzun illərdir davam edən nəqliyyat məhdudiyyətləri nəzərə alındıqda, daşınma xərclərinin 70 faizə qədər subsidiyalaşdırılması yerli istehsalçıların rəqabət qabiliyyətinin artırılmasına ciddi töhfə verəcək.

16 iyun 2026-cı il tarixli digər fərman isə qeyri-neft-qaz məhsullarının ixracı zamanı tətbiq olunan gömrük rəsmiləşdirmə yığımlarının kompensasiya edilməsini nəzərdə tutur. Bu qərarın əsas hədəf auditoriyası mikro, kiçik və orta sahibkarlıq subyektləridir. Məhz bu kateqoriyaya aid müəssisələr çox zaman yüksək logistika və inzibati xərclər səbəbindən xarici bazarlara çıxışda çətinliklərlə üzləşirlər. Yeni mexanizm həmin maneələrin azaldılmasına və ixrac fəaliyyətinin genişlənməsinə xidmət edir.

Hər iki fərmanın 2026-cı il sentyabrın 1-dən qüvvəyə minməsi və uzunmüddətli tətbiq mexanizmi kimi nəzərdə tutulması sahibkarlara daha sabit və proqnozlaşdırıla bilən fəaliyyət mühiti yaradır. Bu yanaşma təkcə cari ixrac göstəricilərinin artırılmasına deyil, həm də yeni istehsal müəssisələrinin yaradılmasına və investisiya qərarlarının sürətlənməsinə müsbət təsir göstərə bilər”.

İqtisadçının sözlərinə görə, qeyri-neft sektorunun inkişafı yalnız ixrac göstəriciləri ilə məhdudlaşmır. O qeyd edib ki, son illərdə tikinti, turizm, logistika, informasiya-kommunikasiya texnologiyaları, yaşıl enerji və kənd təsərrüfatı sahələri iqtisadi siyasətin prioritet istiqamətləri kimi formalaşıb:

“Xüsusilə Orta Dəhlizin inkişafı Azərbaycanın regional logistika mərkəzinə çevrilməsi üçün yeni imkanlar yaradır. Eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Türkiyə kimi tərəfdaş ölkələrdən qeyri-neft sektoruna yönələn investisiyaların həcmi də artmaqdadır. Azərbaycanın ixrac strukturunda neft-qaz məhsullarının payı hələ də dominant mövqeyini qoruyur və ümumi ixracın böyük hissəsini təşkil edir. Buna görə də qeyri-neft ixracının daha sürətli artırılması və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi strateji prioritet olaraq qalır. Digər mühüm məsələlər sırasında özəl sektorun inkişafı, insan kapitalına investisiyaların artırılması, innovasiya ekosisteminin gücləndirilməsi və xarici investisiya axınının davamlılığının təmin edilməsi yer alır. Ümumilikdə, mövcud proseslər baxsaq görərik ki, Azərbaycan artıq post-neft inkişaf modelinin nəzəri mərhələsindən praktik mərhələsinə keçid edir. 2026-cı ildə qəbul edilən yeni dəstək mexanizmləri dövlətin qeyri-neft sektoruna uzunmüddətli və sistemli yanaşmasının növbəti təzahürü kimi qiymətləndirilməlidir. İnkişaf dinamikası göstərir ki, qeyri-neft-qaz sektoru yaxın illərdə Azərbaycanın iqtisadi artımının əsas hərəkətverici qüvvəsi kimi mövqeyini daha da gücləndirəcək. Bu isə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmlənməsinə, ixracın daha da diversifikasiya olunmasına və beynəlxalq iqtisadi dəyişikliklərə daha çevik və dayanıqlı şəkildə uyğunlaşmasına imkan yaradacaq”.