Problemli kreditlərin artması iqtisadi aktivliyin azalması ilə bağlıdır
2025-ci il avqust ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 529.4 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından bildirilib ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 17.9 faiz və ya 80.3 milyon manat çoxdur.
Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 16.7 faiz və ya 75.7 milyon manat artıb.
Bank-maliyyə eksperti Əkrəm Həsənov isə Sherg.az-a açıqlamasında bildirib ki, bu göstəricilər problemli kreditlərin həcminin heç də sürətlə artması anlamına gəlməməlidir:
“Düzdür, bütün hallarda artma baş verir. Buna səbəb isə Azərbaycanda iqtisadi aktivliyin getdikcə azalmasıdır. Qiymət artımı fonunda həm vətəndaşların gəlirləri azalır, xərcləri isə artır, həm də sahibkarlıq üçün şərait münbit deyil”.
Ekspertin sözlərinə görə, bu səbəbdən biznes sahibləri də əvvəlki kimi qazana bilmir:
“Belə vəziyyətdə isə təbii ki, həm istehlak, həm də biznes kreditlərinin qaytarılmasında problemlər yaranır”.
İqtisadçı-ekspert Elçin Rəşidov isə hesab edir ki, problemli kreditlərin artma səbəbini aydınlaşdırmaq üçün ilk növbədə ümumi kredit portfelinin həcminə nəzər salmaq lazımdır. Əgər bu portfelin həcmi artıbsa, onun tərkibində problemli kreditlərin də məbləğinin artması təbiidir:
“Ümumi kredit portfelinin artması isə əhalinin yaşayış standartlarının yüksəlməsi, avtokredit, istehlak kreditləri və ipoteka kreditlərinə marağı artırır.
Məsələn, istehlak kreditləri üzrə artımın əsas səbəbi ödəmə qabiliyyətinin aşağı düşməsidir. Əmək bazarındakı dalğalanmalar, inflyasiya kreditlərin ödənməsinə çətinlik yaradır.
Digər məsələ əmək bazarındakı gərginliklə bağlıdır. Bəzi insanlar kredit götürdükdən sonra işsiz vəziyyətə düşür və banka olan borcları qaytarmaqda çətinlik çəkirlər. Həmçinin bir sıra banklarda yoxlamaların zəifləməsi ayrı-ayrı kredit mütəxəssislərinin düzgün olmayan qaydalarla kredit verməsinə səbəb ola bilir və bu, kreditlərin ödənişində problem yaradır. Ayrı-ayrı sektorlarda müşahidə olunan çətinliklər də problemli kreditlərin artmasına yol açan amillərdəndir. Tutaq ki, kredit götürən tikinti şirkəti hər hansı səbəbdən bürokratiya ilə üzləşirsə, yaxud mənzilləri sata bilmirsə, bu, onların iflasına və nəticədə bank borclarının ödənilməməsinə gətirib çıxara bilər".
Ekspertin sözlərinə görə, Mərkəzi Bankın kredit siyasətini sərtləşdirib, bu da problemli kreditlərin tarifini dəyişib. Hansı müddətə ödənilməyən kreditlərin problemli kreditlər kateqoriyasına şamil edilməsi də ümumi faizə səbəb olur:
“Ən böyük iqtisadi faktor isə ölkədə manatla verilən kreditlərin faizinin yüksək olmasıdır. 8 ildir manatla dolların qiyməti bir-birinə “pərçim” edilib, sabit məzənnə rejimidir. Lakin manatla verilən kreditlərin faizi dollarla verilən kreditlərin faizindən kifayət qədər artıqdır. Burada böyük bir arbitraj var. İqtisadiyyat üçünsə arbitraj böyük itki deməkdir”.