- "Zolotaya Korona"nın bağlanması minlərlə azərbaycanlını narahat edir
Avropa Birliyi tərəfindən Rusiya əleyhinə 21-ci sanksiya paketinin qəbul edilməsindən sonra Rusiyanın "Zolotaya Korona" ödəniş sistemi Ermənistan, Azərbaycan, Gürcüstan və bir sıra digər ölkələrə pul köçürmələrini dayandırıb. 
Bu isə hazırda Rusiyanın müxtəlif şəhərlərində işləyən və ailəsinə pul göndərmək istəyən soydaşlarımızı çətin vəziyyətə salıb. Hazırda Rusiyadan onlayn köçürmələr üçün mövcud olan ölkələrin siyahısında yalnız Özbəkistan, Türkiyə və Qırğızıstan qalıb.
İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, “Zolotaya Korona” ödəniş sistemi illər ərzində MDB məkanında, xüsusilə Rusiya ilə MDB ölkələri arasında ən böyük və aparıcı təcili pul köçürməsi və ödəniş sistemlərindən biri olub:
“Zolotaya Korona” rəqəmsal əməliyyatların həcminə və geniş tərəfdaş bank şəbəkəsinə görə bazarda lider mövqe tuturdu. Rusiyadan hansısa başqa ölkəyə pul köçürmək istəyənlər onu seçirdi, çünki insanlar fiziki şəxs olaraq bank hesabı açmadan pul köçürmələrini həyata keçirə bilirdilər. Komissiya haqqı da aşağı olurdu. Ona görə də əksəriyyət məhz bu ödəniş sisteminə üstünlük verirdi.
İqtisadçı qeyd etdi ki, hazırda aktiv olan digər ödəniş sistemləri də var:
Rusiyadan Azərbaycana pul köçürmələrini "Granat" ödəniş sistemi ilə birbaşa kart-telefon nömrəsi vasitəsilə, bank xidmətləri və ya Avosend/MultiTransfer sistemləri vasitəsilə həyata keçirmək mümkündür. "Granat" tətbiqi Rusiya banklarının kartları ilə Azərbaycan Beynəlxalq Bankı – ABB tərəfindən idarə olunan sistemdir. Birbaşa kart və ya telefon nömrəsi ilə köçürmələr mümkündür. Sberbank, VTB, T-Bank kimi ödəniş sistemləri də var. Məsələn, VTB Azərbaycan hesabına və ya yerli bankların kartlarına, məsələn, M10 elektron cüzdanına birbaşa Banki.ru vasitəsilə rubl köçürmək mümkündür. Bu xidmətlər vasitəsilə Azərbaycanın istənilən bank kartına aşağı komissiya haqları ilə onlayn pul göndərmək mümkündür. Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalarla əlaqədar "Zolotaya Korona" sisteminin fəaliyyəti dayandırılıb. Bu, iqtisadi təzyiq vasitəsidir. Amma digər ödəniş sistemləri var. Soydaşlarımız başqa üsullardan istifadə edə bilər.