Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək

Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsinə həsr olunmuş 6-cı Biznes Forumu keçiriləcək.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, forum iyulun 2-də İqtisadiyyat Nazirliyi, AZPROMO, İƏT-in Katibliyi və İƏT Ticarət və Sənaye Palataları Konfederasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.
Tədbir Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə keçiriləcək “İƏT Həftəsi” çərçivəsində baş tutacaq. Tədbirdə ərzaq, kənd təsərrüfatı, tekstil, İKT, turizm, nəqliyyat və dairəvi iqtisadiyyat sektorlarında işbirliyinin şaxələndirilməsi imkanları, eləcə də digər məsələlər müzakirə olunacaq. Həmçinin “biznes-dövlət” (B2G) “biznes-biznes” (B2B) formatlarında görüşlər də təşkil ediləcək.
Qeyd edək ki, Forumun keçirilməsində məqsəd İƏT regionunda investisiyalar və ticarətin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsidir.