Artemis II astronavtları nə qədər maaş alır?

NASA-da çalışan astronavtlar, yerinə yetirdikləri yüksək riskli tapşırıqlara baxmayaraq, əlavə ödənişlər almırlar.

Milli.Az xəbər verir ki, NASA-nın rəsmi məlumatlarına görə, bir astronavtın illik maaşı təxminən 152 min dollar civarındadır. Kanada Kosmik Agentliyinin (CSA) astronavtları da oxşar gəlir aralığına malikdir.

Astronavtlar performans mükafatı, müstəsna iş saatlarına görə əlavə maaş və ya təhlükə təzminatı almırlar.

Maaşın standart olmasına baxmayaraq, missiya zamanı astronavtların nəqliyyat, yaşayış və yemək kimi bütün təməl ehtiyacları qurum tərəfindən qarşılanır.

Maddi qazancın digər yüksək texniki sahələrlə (məsələn, maliyyə analitikləri) bənzər olmasına baxmayaraq, astronavt olmaq istəyənlərin sayı azalmır. NASA-nın son seçim prosesində 8 mindən çox müraciət arasından cəmi 10 namizəd seçilib. Bu da qəbul şansının %0,125 kimi çox aşağı olduğunu göstərir.

Astronavt olmaq üçün tələblər

Artemis II heyətinin üzvləri (Reid Wiseman, Christina Koch, Victor Glover və Jeremy Hansen) fərqli keçmişlərə sahib olsalar da, hamısının ortaq cəhəti güclü akademik baza və yüksək təcrübədir:

Akreditə olunmuş universitetdən mühəndislik, fizika və ya oxşar texniki sahələr üzrə diplom şərtidir.

Uçuş təcrübəsi mütləq olmasa da, hərbi və ya mülki pilotluq təcrübəsi böyük üstünlük hesab olunur.

Uzun illər NASA kimi dövlət qurumlarının inhisarında olan kosmos missiyalarında artıq SpaceX və Blue Origin kimi özəl şirkətlərin rolu artır. SpaceX 2020-ci ildə ilk ticari insanlı uçuşunu həyata keçirərək bu sahədə yeni bir dövr başladsa da, həm dövlət, həm də özəl layihələrdə yüksək təcrübəli astronavtlara ehtiyac dəyişməz qalır.