Dünyanın ilk selfisini kim çəkib? Tarixi foto 187 il əvvəl lentə alınıb

Bu gün mobil telefonlarla saniyələr ərzində çəkilən selfilərin tarixi 1839-cu ilə gedib çıxır. İlk "selfi" hesab edilən avtoportretin müəllifi amerikalı Robert Kornelius olub.

Sherg.az xəbər verir ki, o, 1839-cu ilin payızında ABŞ-nin Filadelfiya şəhərində ailəsinə məxsus emalatxananın həyətində öz şəklini çəkərək tarixə düşüb. Bu foto günümüzə qədər gəlib çatan ən qədim fotoportretlərdən biri hesab olunur.

Kornelius hazırladığı kamerada opera dürbünündən düzəldilmiş obyektivdən istifadə edib. O dövrdə tətbiq olunan dagerotip üsulu səbəbindən ekspozisiya müddəti 10-15 dəqiqə çəkirdi və fotoqraf bu müddət ərzində demək olar ki, tərpənmədən obyektivə baxmalı idi.

Daha sonra fotonun arxasına "İndiyədək çəkilmiş ilk işıq fotosu. 1839." qeydi yazılıb.

Sonralar alim Pol Bek Qoddard brom əlavəsi sayəsində ekspozisiya müddətini 30 saniyə-2 dəqiqəyə endirməyə nail olub. Bu yenilik portret fotoqrafiyasının sürətlə inkişafına təkan verib.

Robert Kornelius daha sonra Filadelfiyada ABŞ-ın ilk fotoportret studiyalarından birini açıb və çəkdiyi şəkillərlə böyük şöhrət qazanıb. Onun işləri hətta dagerotip texnologiyasının yaradıcısı fransız ixtiraçı Lui Dager tərəfindən də yüksək qiymətləndirilib.