Türkmənistanda keçirdiyi ağır qəza nəticəsində C5 səviyyəsində onurğa beyni iflici olan Merdan Rozıyev 12 illik mübarizədən sonra yenidən yeriməyi bacarıb. O, xəstəliklə bağlı maarifləndirmə aparmaq və əlilliyi olan insanlara ümid vermək məqsədilə İstanbuldan İzmirə yürüşə başlayıb.
Həkimlərin yenidən yeriməsini demək olar ki, mümkünsüz hesab etdiyi Rozıyev 12 il ərzində fiziki müalicə və reabilitasiya məşğələlərini davam etdirərək ayağa qalxmağı bacarıb.
Sherg.az xəbər verir ki, Kanadalı atlet Rik Hansenin əlil arabasında həyata keçirdiyi “Man in Motion” adlı dünya turundan ilhamlanan Rozıyev “Möcüzəvi addımlar” layihəsini həyata keçirir. Layihənin ilk mərhələsi İstanbulun Üsküdar rayonundakı Salacak sahilindən başlayıb.
Rozıyev bildirib ki, yürüşün əsas məqsədi dünyada milyonlarla onurğa beyni iflici olan və əlilliyi olan insana “Mümkünsüz deyə bir şey yoxdur” mesajını çatdırmaq, həmçinin bu sahədə aparılan tədqiqatlarla bağlı ictimaiyyətin məlumatlılığını artırmaqdır.

Onun sözlərinə görə, İstanbuldan İzmirə qədər təxminən 500 kilometrlik yürüş Kocaeli, Bursa, Balıkesir və Manisa ərazilərindən keçəcək və yanvarın 3-də İzmirdə Saat Qülləsi qarşısında başa çatacaq.
Rozıyev bu yürüşü gələcəkdə dünya turuna çevirməyi planlaşdırdığını bildirib. O, məqsədinin yalnız Türkiyə və Türkmənistanda deyil, bütün dünyada onurğa beyni iflici olan insanlara ümid vermək olduğunu vurğulayıb.
“Əgər mən bacardımsa, onlar da bacara bilərlər. Bunu bütün dünyadakı onurğa beyni iflici olan insanlara göstərmək və onlara ümid olmaq istəyirəm”, - deyə Rozıyev qeyd edib.