Birləşmiş Millətlər Təşkilatı (BMT) süni intellektlə idarə olunan avtonom silahların istifadəsinə hüquqi məhdudiyyətlər qoyulmasını müzakirə etmək üçün Cenevrədə konfransa başlayır.
Sherg.az xəbər verir ki, AFP-nin məlumatına görə, noyabrın 16-da başlayacaq görüşlərdə “qatil robotlar” adlandırılan ölümcül avtonom silah sistemlərinin tənzimlənməsi məsələsi müzakirə olunacaq. Bu texnologiyaların inkişafı sürətlənsə də, onların istifadəsinə nəzarət edəcək vahid hüquqi çərçivə hələ mövcud deyil.
BMT-nin Baş katibi Antonio Quterreş və Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Miryana Şpolyariç avqust ayında birgə bəyanat yayaraq təhlükəyə diqqət çəkiblər. Onlar maşınların insanları müstəqil şəkildə hədəfə almasının ciddi mənəvi sərhədi aşmaq təhlükəsi yaratdığını bildiriblər. Hər iki rəhbər avtonom silahlar uğrunda yarışın artıq başladığını vurğulayıb.
Mütəxəssislərin fikrincə, əsas mübahisə silahların hədəfi seçməsi və vurması prosesində insan nəzarətinin hansı səviyyədə saxlanılacağı ilə bağlıdır. Bəzi ölkələr “uyğun səviyyədə insan mühakiməsi” prinsipini müdafiə edir, digərləri isə insanın qərarvermə prosesində birbaşa iştirakını vacib sayır.
Ekspertlər Cenevrədəki müzakirələrin vacib olduğunu, lakin müasir döyüş meydanında süni intellektin tətbiqi ilə bağlı bütün problemləri əhatə etmədiyini bildirirlər. Onların qənaətinə görə, hədəflərin müəyyənləşdirilməsi və hərbi qərarların qəbulunda süni intellektdən istifadənin genişlənməsi insan nəzarətinin formal xarakter alması riskini artırır.
Müzakirələrin əsas məqsədi avtonom silahların istifadəsinə dair beynəlxalq qaydaların müəyyənləşdirilməsi və insanın hədəf seçimi üzərində nəzarətinin qorunmasıdır.