Orqanları tərs doğulmuşdu: 5 yaşlı uşaq mürəkkəb əməliyyatla sağaldı

Ankarada orqanları güzgü görüntüsündə tərs yerləşən və ürəyindən çıxan əsas damarların bağlantıları normaldan fərqli olan 5 yaşlı suriyalı Ömər Əl Zamil mürəkkəb əməliyyatla sağlamlığına qovuşub.

Sherg.az xəbər verir ki, Abdurrahman və Şeyma Əl Zamil cütlüyünün üç övladından biri olan Ömərin ürəyi bədənin sağ tərəfində yerləşib. Müayinələr zamanı normalda ürəyin sol tərəfindən çıxan şah damarının sağ tərəfdən, sağ tərəfdən çıxan ağciyər arteriyasının isə sol tərəfdən çıxdığı müəyyən edilib. Bundan başqa, uşağın ürəyinin mədəcikləri arasında böyük dəlik aşkarlanıb.

Doğulduğu gündən nəzarətdə saxlanılan Ömər ötən ilin dekabrında Ankara Bilkent Şəhər Xəstəxanasına göndərilib. Aparılan müayinələrdən sonra onun vəziyyətinin mürəkkəb olduğu müəyyənləşdirilib və yüksək riskli əməliyyat qərarı verilib.

Əməliyyatı həyata keçirən xəstəxananın Uşaq Ürək-Damar Cərrahiyyəsi Klinikasının professoru Atakan Atalay bildirib ki, müdaxilə 3D görüntüləmələr əsasında əvvəlcədən planlaşdırılıb.

Onun sözlərinə görə, ürəkdən çıxan iki əsas damar tamamilə ayrılaraq daralmalar aradan qaldırılıb və daha sonra damarlar düzgün istiqamətdə yenidən birləşdirilib. Ürəkdəki dəlik bağlanıb, ağciyərə gedən damardakı daralma da aradan qaldırılıb. Bununla da təmiz qanın ürəkdən bədənə normal şəkildə yönləndirilməsi təmin olunub.

Əməliyyat təxminən 5-6 saat davam edib.

Professor Atalay belə mürəkkəb anatomiyaya malik ürək üzərində bu səviyyədə əməliyyatın olduqca nadir olduğunu vurğulayıb. Onun sözlərinə görə, uşağın gələcəkdə əlavə əməliyyata və ya kateter angioqrafiyasına ehtiyac olmadan normal və sağlam həyat sürməsi gözlənilir.

Xəstəxananın Kardiologiya Klinikasının professoru Alper Gürsu isə Ömərin doğuşdan ürək xəstəliyi ilə müraciət etdiyini bildirib. Onun sözlərinə görə, müayinələrdən sonra uşaq ürək-damar cərrahları ilə birlikdə konsiliumda qiymətləndirilib və əməliyyat qərarı verilib.

Həkim qeyd edib ki, Ömərdə ürəkdən çıxan damarların yerləşməsi normal anatomiyanın tam əksi olub. Buna ürəyin mədəcikləri arasındakı böyük dəlik də əlavə olunub. Buna baxmayaraq, mürəkkəb cərrahi müdaxilə uğurla həyata keçirilib.