Stalinin qardaşı qızının gizli gündəliyi tapıldı: 30 illik sirr açıldı - FOTO

Rusiyada yazıçı İrina Deşkovanın “Kirusya. Stalinin qardaşı qızı” adlı yeni kitabı nəşr olunub.

Sherg.az xəbər verir ki, kitab Kira Alliluyeva-Politkovskayanın taleyinə həsr edilib . O, İosif Stalinin qardaşı qızı və XX əsrin mühüm hadisələrinin canlı şahidi olub.

Kira Kremlin dəhlizlərini yaxından tanıyır, repressiyalar, həbslər və sürgünlərdən keçib, dövrünün ən məşhur simaları - Vladimir Lenindən Yuri Qaqarinə qədər bir çox şəxslərlə ünsiyyətdə olub.

Deşkovanın sözlərinə görə, Kiranın xatirələrində tarixi şəxsiyyətlər abidə kimi deyil, canlı insanlar kimi təqdim olunur: məsələn, Lenin pişiyə qayğı göstərir, Stalin isə gözlənilməz dərəcədə həssaslıq nümayiş etdirir.

Yazıçı bildirib ki, 2025-ci ildə təsadüfən Kiranın köhnə gündəliyini tapıb. Bu gündəlik 20 il əvvəl ona verilmişdi və uzun müddət unudulmuş vəziyyətdə qalmışdı.

Deşkova Kira ilə 1975-ci ildə tanış olduğunu deyir: “Bir dəqiqəlik getmişdim, amma 30 il qaldım”. Onların arasında dərin mənəvi bağ yaranıb və yazıçının sözlərinə görə, bu münasibət onun həyatını kökündən dəyişib.

Kira Alliluyeva-Politkovskaya ağır repressiyalar dövrünü yaşasa da, nikbinliyini və həyat sevgisini qoruyub. Ailəsi 1930-cu illərdən başlayaraq faciələrlə üzləşib - xüsusilə Nadejda Alliluyevanın intiharı və sonrakı həbslər bu ailəni sarsıdıb.

Kira siyasətdən uzaq durmağa çalışırdı. O, yalnız Vladimir Putin haqqında müsbət fikirlər səsləndirib, onun intellektini və davranışını yüksək qiymətləndirib.

Kitabda həmçinin Sergey Kirov, Lavrenti Beriya, Mihail Romm, Vladimir Vısotski kimi məşhur şəxslərlə bağlı xatirələr də yer alır.

Ən diqqətçəkən məqamlardan biri isə Kiranın Stalinə münasibətidir. O, Stalini siyasətçi kimi deyil, ailə üzvü – “dayı” kimi qəbul edirdi. Buna baxmayaraq, onu “ağıllı, hiyləgər və çox məkrli” insan kimi xarakterizə edirdi.

Kitab həm də dövrün canlı sənədi kimi qiymətləndirilir. Çünki Kira gördüklərini birbaşa, birinci şəxsin dilindən nəql edir və bu da oxucuya XX əsrin tarixini fərqli rakursdan anlamağa imkan yaradır.