Türk alimlər Ay və Mars şəraitində pomidor yetişdirdi

Türk alimlər “Ay və Mars torpağı” kimi tanınan regolitin (səthdəki toz, torpaq və qırıq süxurlar) laboratoriya simulyasiyasında pomidor yetişdirməyə nail olublar. Tədqiqat kosmik biologiya sahəsində mühüm addım kimi qiymətləndirilir.

SHerg.az xəbər verir ki, layihə Ege Üniversiteti Fən fakültəsinin Biologiya Bölümünün müəllimi dosent Rengin Özgür Uzildayın rəhbərliyi ilə həyata keçirilir və TÜBİTAK tərəfindən dəstəklənir. Araşdırmada dosent Barış Uzilday və universitetin Kənd Təsərrüfatı fakültəsinin Bağçılıq Bitkiləri Bölümünün müəllimi Tansel Kaygısız da iştirak edir.

“Ekstremofit öncül bitkilərdən istifadə etməklə Ay və Mars regolit simulyantlarının kənd təsərrüfatına yararlı hala gətirilməsi və regolit simulyantlarında yetişdirilən bitkilərdə stress cavabları ilə bağlı siqnal yollarının araşdırılması” adlı layihə çərçivəsində işlər təxminən 15 aydır davam edir.

ABŞ-dən Ay və Mars regolit simulyantları gətirilib və ilkin mərhələdə yüksək temperatur, ağır metal çirklənməsi, quraqlıq və duzluluq kimi sərt mühitlərdə yaşaya bilən bitkilər əkilib. Turpgillər fəsiləsinə aid Schrenkiella parvula, Arabis alpina (qaztərəsi) və Noccaea sempervivum kimi ekstremofit bitkilərdən istifadə olunub.

Bu mərhələdə regolitə bənzər substratda yüksək miqdarda olan metal və duz tərkibinin azaldılmasına nail olunub. Torpaq mühitində müəyyən yaxşılaşdırma əldə edildikdən sonra isə pomidor yetişdirilməsi mərhələsinə keçilib.

Layihə rəhbəri dosent Rengin Özgür Uzilday bildirib ki, tədqiqat kosmik biologiya istiqamətində aparılır. Onun sözlərinə görə, bəşəriyyətin Ay və Marsda koloniya qurmaq planları fonunda bu cür araşdırmalar xüsusi əhəmiyyət daşıyır.

Uzilday qeyd edib ki, mikroqravitasiya şəraitində bitki yetişdirmək müəyyən məhdudiyyətlərlə mümkündür. Buna görə də alimlər Ay və Mars səthində mövcud olan regolitdə bitki yetişdirmə imkanlarını araşdırırlar.

O vurğulayıb ki, regolit üzvi maddə baxımından son dərəcə kasaddır və Yer kürəsindəki torpaqdan fərqli olaraq burada təbii canlılıq mövcud deyil. Yer torpağının Ay və ya Marsa daşınması real olmadığı üçün əsas məqsəd regolitin kənd təsərrüfatına yararlı hala gətirilməsidir.

Alimlər hesab edirlər ki, əldə olunan nəticələr gələcəkdə Ay və ya Marsda qurulacaq mümkün insan koloniyalarında qida istehsalı baxımından praktik əhəmiyyət daşıya bilər.