Türkiyə türkcəsi türklərin ortaq dili olmalıdır - Vasif Əfəndiyev

  • Artıq geniş istifadə olunan və yüksək səviyyədə standartlaşdırılmış türk dillərindən birinin baza kimi seçilməsi daha məqsədəuyğundur

Türk dünyasında ortaq ünsiyyət dilinin formalaşdırılması məsələsi son illərdə daha çox müzakirə olunan mövzulardan birinə çevrilib. Bu istiqamətdə əsas mübahisələrdən biri isə ortaq türkcənin hansı dil əsasında formalaşdırılmasının daha məqsədəuyğun olmasıdır.

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev Sherg.az-a açıqlamasında Türkiyə türkcəsinin türk xalqları arasında ortaq kommunikasiya dili kimi qəbul edilməsinin daha real və praktik yanaşma olduğunu bildirib.

Onun sözlərinə görə, ortaq türkcənin yaradılması üçün sıfırdan yeni dil formalaşdırmaq əvəzinə, artıq geniş istifadə olunan və yüksək səviyyədə standartlaşdırılmış türk dillərindən birinin baza kimi seçilməsi daha məqsədəuyğundur:

“Türkiyə türkcəsi türklərin ortaq dili olmalıdır. Belə bir dilin yaradılması üçün sıfırdan yeni dil formalaşdırmaq əvəzinə, artıq geniş istifadə olunan və yüksək səviyyədə standartlaşdırılmış türk dillərindən birinin baza kimi qəbul edilməsi daha real yanaşmadır. Bu baxımdan Türkiyə türkcəsi digər türk ləhcələrindən həm tarixi, həm demoqrafik, həm də geniş söz ehtiyatı imkanlarına görə ciddi üstünlüklərə malikdir."Azərbaycan dili" və Türkiyə türkcəsi eyni Oğuz qrupuna daxil olduğundan onların qrammatik quruluşu və əsas söz ehtiyatı bir-birinə çox yaxındır . Hər iki dil aqlütinativ (" Dilçilikdə şəkilçilərin dəyişməz söz kökü)quruluşa malikdir, şəkilçilər vasitəsilə yeni sözlər yaradır və cümlə quruluşunda oxşar prinsiplərdən istifadə edir. Buna görə Azərbaycan türkcəsi danışanının Türkiyə türkcəsini mənimsəməsi digər türk dillərinə nisbətən daha asandır. Lakin ortaq türkcə üçün baza dil seçərkən yalnız qohumluq deyil, standartlaşdırma, söz ehtiyatının genişliyi, terminoloji imkanlar, media və təhsil sahəsində yayılma, elmi-texniki leksikanın inkişaf səviyyəsi və beynəlxalq kommunikasiya gücü də nəzərə alınmalıdır. Türk dilində on minlərlə (daha çox)elmi kitablar və tərcümələr mövcuddur. Digər türk toplumlarının elmi ədəbiyyatı hələ də rus dilli mənbələrdən götürdüyünü və bu sistemin artıq köhnəldiyini nəzərə alsaq Türkiyə türkcəsinin hansı üstünlüklər verdiyini anlamalıyıq. Bu meyarların əksəriyyətində Türkiyə türkcəsi hazırda daha geniş imkanlara malikdir. Eyni zamanda söz ehtiyatı bolluğu türk dilinin üstünlüklərindəndir. Nəticə etibarilə Türkiyə türkcəsinin üstünlüyü üç əsas amildə ümumiləşdirilə bilər, geniş söz və terminoloji fondu, yüksək standartlaşdırma səviyyəsi və böyük kommunikasiya məkanı. Azərbaycan dili isə bu prosesdə həm yaxın qohum dil, həm də zəngin tarixi Oğuz leksikasının daşıyıcısı kimi mühüm rol oynaya bilər. Əsas məqsəd ortaq türkcə üçün ən praktik model hazırda Türkiyə türkcəsinin baza kommunikasiya norması kimi qəbul edilməsi, lakin onun digər türk dillərinin söz və ifadələri ilə zənginləşdirilməsidir”. 

V. Əfəndiyev qeyd edib ki, ortaq türkcə bir dilin digər dillər üzərində hakimiyyəti deyil, türk dillərinin ortaq imkanlarının sistemləşdirilməsi olmalıdır:

“Türkiyə türkcəsi isə hazırkı standartlaşma, leksik resurs, terminologiya, media və demoqrafik imkanlarına görə bu proses üçün ən hazır baza dillərindən biridir”