Cəlilabad rayonunun Zopun kəndində Vətən müharibəsi şəhidi, Baş leytenant İlqar Natiq oğlu Zeynalovun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. 44 günlük Vətən müharibəsində Tərtər-Suqovuşan istiqamətində gedən amansız döyüşlərdə qəhrəmancasına şəhid olan cəsur zabitimizin xatirəsini yad etmək məqsədilə təşkil olunan mərasimin rəsmi hissəsi şəhidin doğulub boya-başa çatdığı evin həyətində, bədii-toplantı hissəsi isə tam orta məktəbdə baş tutub.
Anım tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şəhidin atası Natiq Zeynalov oğlunun Vətən sevgisindən və göstərdiyi hərbi rəşadətdən fəxrlə danışıb, şəhid ailələrinə dövlət rəhbərliyi səviyyəsində göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Ali Baş Komandana minnətdarlığını ifadə edən ata, şəhid baş leytenantın geridə qalan 3 övladının da atalarının adına layiq, yüksək vətənpərvərlik ruhunda böyüdüldüyünü əminliklə vurğulayıb. İlqar Zeynalovun qəhrəmanlığı və xidmət yolu dövlət tərəfindən daima yüksək qiymətləndirilib. Qəhrəman şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhid atası qeyd edib ki, ən böyük arzusu torpaqlarımızın düşmən tapdağından azad olunması olan Baş leytenant İlqar Zeynalov və onun cəsur silahdaşları canları bahasına bu müqəddəs amala çatdılar.
Daha sonra antiterror əməliyyatı qəhrəmanı Əkrəm Kəlbiyevin atası (eyni zamanda Birinci Qarabağ Müharibəsi şəhidi Şaiq Kəlbiyevin qardaşı) Faiq Kəlbiyev və şəhid Xəlil Ağayevin anası Şəhla Ağayeva çıxış edərək övladlarının göstərdikləri qəhrəmanlıqlardan söz açıblar. Onlar bu fədakarlığın gənc nəsil üçün əsl vətənpərvərlik məktəbi olduğunu diqqətə çatdırıblar.
Mərasimdə iştirak edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə YAP Yasamal rayon ərazi təşkilatının sədri, fəlsəfə doktoru Şölət Zeynalov Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasının əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı misilsiz tarixi zəfərdən, bu qələbənin fəlsəfəsi, mahiyyəti və Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlardan bəhs edib. O, çıxışında şəhid İlqar Zeynalovun keçdiyi şərəfli döyüş yolu və hərbi xidmətindən söz açaraq, Vətən uğrunda həyatlarını fəda etmiş bütün şəhidlərimizin əbədi xatirəsinin daima yaşayacağını qeyd edib. Ş.Zeynalov bildirib ki, hazırda şəhid və qazi ailələri ən yüksək səviyyədə dövlət dəstəyi ilə əhatə olunur və onların problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Anım tədbirində şəhidin yaxınları – əmisi, şair Cavanşir Kəlbiyev, həmçinin Bayramalı Zeynalov, Aşur Zeynalov, Elxan Zeynalov, Xanlar Zeynalov və digərləri çıxış edərək İlqar Zeynalovun həyat yolu barədə xatirələrini bölüşüblər. Onlar şəhidin keçdiyi şərəfli hərbi xidmət yolundan, “Mübariz postunda” necə fəxrlə xidmət etməsindən və daima Ali Baş Komandanın “İrəli!” əmrini böyük sevgi ilə gözləməsindən bəhs edərək şəhidlərin heç vaxt unudulmayacağını vurğulayıblar.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Füzuli Cəfərov, tarixçi Elçin Hüseynov, ərazi icra nümayəndəsi Hikmət Qələmov, bələdiyyə sədri Ziya Qürbətov, Vətən müharibəsi qaziləri Paşa Qasımov və Vüsal Muradzadə, ictimai fəallar Əsəd Abbasov və Nicat Ağamalıyev, rayon ziyalıları ilə ictimaiyyət nümayəndələri, Elçin Qasımov adına tam orta məktəbin direktoru Mais Məmmədov, məktəbin müəllim və şagird heyəti fəal iştirak ediblər. Tədbirdə dövlətin şəhidlərə olan uca ehtiramı, İlqar Zeynalovun şərəfli həyat və döyüş yolu geniş şəkildə işıqlandırılıb. Çıxış edənlər torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində daima uca tutulduğunu, dövlətimiz tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu bildiriblər. Natiqlər şəhidlərimizə olan ehtiram və sevginin əbədiliyini qeyd edərək, bu cür anım tədbirlərinin gənclərin və şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı böyük rolunu vurğulayıblar. Tədbirin sonunda şagirdlərin şəhidlərə həsr etdikləri şeirlər dinlənilib, qəhrəmanların xatirəsi ehtiramla yad edilərək xatirə şəkilləri çəkdirilib.
Sonda rayon rəsmiləri, Zopun kənd ictimaiyyəti, ziyalılar və şəhidin doğmaları İlqar Zeynalovun məzarüstü abidəsini ziyarət ediblər. Abidə önünə tər çiçəklər düzülüb, qəhrəmanın ruhuna dualar və Fatihə surəsi oxunub.
Vətənin və Ali Baş Komandanın əbədiyaşar əsgərləri olan şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır!



